Prezident: “Cənubi Qafqazda ən çox rus Azərbaycanda yaşayır”

"Azərbaycan tarixən svilizasiyaların və mədəniyyətlərin qovuşduğu unikal məkan olmuşdur. Xalqımızın mentalitetinə xas olan yüksək insanpərvərlik və dözümlülük ayrı-ayrı xalqların və etnik qrupların yüz illər boyu burada əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində, etnik-dini tolerantlıq mühitində yaşamasını təmin etmişdir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rus İcması - 20 il. Yeni Azərbaycan Xalqlar Ailəsində" Respublika Konfransı iştirakçılarına müraciətində deyib.

Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Dövlət başçısı müraciətində bildirib ki, bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətini rus icması olmadan təsəvvür etmək mükün deyildir: "Azərbaycanın Rus İcması təşkilatının yaranmasının 20 illiyi münasibətilə sizi ürəkdən salamlayır, hamınıza ən səmimi arzularımı yetirirəm! "Rus İcması" İctimai Birliyi fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanda millətlərarası münasibətlərin inkişafına və vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfələr verərək ölkənin nüfuzlu təşkilatlarından birinə çevrilmişdir. Sıralarında vətənpərvər və yaradıcı insanları birləşdirən təşkilatınız rus dili və mədəniyyətinin, milli adət-ənənələrin qorunub saxlanması və inkişafı sahəsində gərəkli fəaliyyət göstərir. Biz cəmiyyətimizdə mövcud olan etnik mədəni müxtəlifliyi, multikulturalist ənənələri xalqımızın tarixi nailiyyəti kimi qiymətləndirir və bunu milli siyasətimizin başlıca istiqamətlərindən biri hesab edirik".

Prezident İlham Əliyev qeyd edib ki, Cənubi Qafqazda sayca ən çox rus məhz Azərbaycanda yaşayır: "Onlar Azərbaycanı özlərinin doğma vətəni sayır, ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi həyatımızın bütün sahələrində yaxından iştirak edirlər. Bir çox rus vətəndaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mübarizədə əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərmişlər. Azərbaycan ilə Rusiya arasında mehriban dostluq və qonşuluq münasibətləri zəngin tarixi ənənəyə malikdir. Hazırkı mərhələdə həmin ənənələrə əsaslanan və bütün sahələri əhatə edən çoxtərəfli əməkdaşlıq əlaqələrimizin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və icmalar əhəmiyyətli rol oynayır. "Rus İcması" İctimai Birliyi Azərbaycanda yaşayan rusları layiqincə təmsil edərək son 20 ildə səmərəli bir yol qət etmişdir. Əminəm ki, təşkilatınız ölkəmizdə vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, xalqlarımızın və mədəniyyətimizin bir-birinə yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əzmkar fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. Bu yolda hər birinizə can sağlığı və uğurlar arzulayıram!"

AzNews.az