Parlamentdə uşaq bağçalarındakı vəziyyət hədəfdə

Milli Məclisin bu gün keçirilən sessiyasında deputatlar uşaq baxçalarının – körpələr evlərinin vəziyyəti haqda danışıblar.

AzNews.az-ın xəbərinə görə, parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirb ki, ölkədəki 1-5 yaşlı uşaqların 15 fazi bağçalara gedir:

"Azərbaycanda ciddi bağça çatışmamazlığı var. Bu dəyişiklik özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək". O, hazırda ölkə 40 özəl bağçanın olduğunu da söyləyib: "Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram".

Deputat Aytən Mustafayeva bağçalarda vəziyyətin həddən artıq pis olduğunu deyib: "İstilik bərbad vəziyyətdədir, mən hətta Nəsimi rayonundakı bağçanın birində isti üst geyimi ilə bir saat otura bilmədim, soyuqdan dondum. Ona görə bu məsələyə ciddi nəzarət etmək lazımdır ".

Deputat Siyavuş Novruzov da uşaq bağçalarında vəziyyətdən narahatlığını bildirib. O deyib ki, kənd rayonlarında uşaq bağçaları anlayışı ortadan çıxır: "Amma təhsil qanununa görə, uşaqlar orta məktəbdən əvvəl bağçaya gəlməlidirlər".

S. Novruzov özəl baxçaların aylıq ödənişlərinin baha olduğunu da qeyd edib: "Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, 700 manatdan 1000 manatadək dəyişir. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə onda bu dəyişikliyinin elə bir mənası yoxdur".

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirb ki, bu yeni məsələdir və gəlin bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edərik.

AzNews.az