- İşin içi
- 17:29
- 1 745
Cəlilabadda Sərhədabad-Məşədivəlli yolunun təmiri ilə bağlı təkliflər hazırlanıb
Cəlilabad rayonunda Sərhədabad–Məşədivəlli kəndlərini birləşdirən avtomobil yolu yararsız vəziyyətə düşüb.
Aznews.az xəbər verir ki, Bu barədə adıçəkilən kəndlərin sakinləri məlumat verib.
Onların sözlərinə görə, təxminən 4 kilometrlik yolun yararsız vəziyyətə düşməsi kənd sakinlərinin gündəlik həyatını çətinləşdirir. Sakinlər deyiblər ki, yol payız-qış aylarında palçığa, yayda toz-torpağa bürünür, əmələ gələn çalalar isə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində problem yaradır. Bu durumdan daha çox əziyyət çəkənlər isə məktəblilərdir. Məşədivəlli kəndində yaşayan və Sərhədabadda yerləşən məktəbə piyada gedən şagirdlər qeyd olunan çətinlikləri hər gün yaşamaq məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Sərhədabad-Məşədivəlli kəndlərinə gedən avtomobil yolunun əsaslı təmiri işlərinin 2026-2029-cu illərin Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçiriləcək layihələrin siyahısına daxil edilməsi barədə təkliflər aidiyyəti orqanlara təqdim olunub. Proqram əsasında ayrılacaq maliyyə vəsaitindən asılı olaraq sözügedən avtomobil yolunun təmiri məsələsinə baxılacaq.