Artur Rasizadə dəyişiklik etdi

Nazirlər Kabineti diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarına dəyişikliklər edib.

Dəyişikliklərə görə, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərtilə ödənilir.

Bu məhdudiyyət diplomatik missiya rəhbərinə şamil edilmir və ödəniş müvafiq təhsil müəssisəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında ödənilir.

Bundan əlavə, diplomatik nümayəndəliklərin balansında olan Azərbaycan Respublikasına məxsus binalar və əmlak yanğın, partlayış, təbii fəlakət, oğurluq, soyğunçuluq, həmçinin istilik sistemi, su kəməri və kanalizasiya şəbəkəsində baş vermiş qəza, o cümlədən nəqliyyat vasitələri yol-nəqliyyat hadisəsi, yanğın, partlayış, oğurluq və oğurluğa cəhd risklərindən sığortalanır.

Diplomatik nümayəndəliklərin rəhbərləri qeyd olunan risklərin sığortası, həmçinin nümayəndəliyin yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən müvafiq icbari sığorta növləri üzrə sığorta müqavilələrinin bağlanılmasının təmin edilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

Sığorta müqaviləsi Azərbaycan Xarici İşlər və Maliyyə nazirlikləri ilə razılaşdırıldıqdan sonra imzalanır.

Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.