Qənirə Ataşova Suriyaya gedən azərbaycanlılarla görüşür- VİDEO

ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşova Türkiyə-Suriya sərhədindədir.

Anspress xəbər verir ki, jurnalistin səfərində məqsəd Suriyaya döyüş üçün gələn azərbaycanlılarla görüşməkdir. Onlardan birinin valideyini də Q. Ataşovanın yanındadır. Mirməhəmməd Ağayev də cihad üçün Suriyaya gələn yüzlərlə azərbaycanlıdan biridir.

Suriyada Osman ləqəbi ilə tanınan həmin gənc də digər həmvətənlilərimiz kimi bu ölkəyə Türkiyə sərhədini keçməklə gəlib. Q. Ataşova bildirir:

"Sərhədi aşandan sonra qarşılaşdığımız ilk qaçqın düşərgəsidir. Döyüş üçün gələnlər bu sərhəddi keçir, sonra isə qrupların tərkibinə bölünürlər. Özünü müxalif adlandıran qrupun rəhbərlərindən biri Yavər Məhəmmədin dediyinə görə, indi Suriya içində durum əvvəlki illərlə müqayisədə daha ağırdır.

Məsələn əgər əvvəl düşmənləri Bəşər Əsədin qüvvələriydisə, indi onlar Əl Qaidə terror qruplaşmasının Əl Nüsrə qanadı və özünü elan etmiş Şam dövlətinin silahlıları ilə döyüşürlər. Bu qruplaşmaların tərkibində isə İraq, Azərbaycan, Çeçenistan, Dağıstan, Türkmənistan, Pakistan və Əfqanıstandan olan döyüşçülər cəmləşib. Təəssüflə deyə bilərəm ki, bizim azərbaycanlılar da məhz Əl Qaidənin tərkibindədirlər.

Suriyada türkmən əsilli əhalinin sayı 4 milyondan çoxdur. Əslən Türkmən olan Şeyx Mustafa da hesab edir ki, Suriyaya cihad adı altında gələnlər səhv edirlər.Onun təbirincə desək indi Suriyada cihad deyil, maraqların toqquşmasıdır.

Vətəndaş müharibəsinin cəngəlliyə çevirdiyi Suriyada din pərdəsi altında, islam dinini parçalayan qüvvələrin toqquşmasının olduğu aydındır. Aydınlaşdırılmalı olan bir məqam da var. Bu da bizim Azərbaycanlıları bu ölkəyə dartıb gətirən qüvvələrin hardan idarə olunmasıdır. Çünki kimin kimə silah attığı bəlli olmayan ölkədə hər hansı cihaddan söhbət gedə bilməz. Bunu dərk edənlərdən biri də döyüşə qatılıb səhv etdiyini anlayan və indi geri çıxmaq üçün yollar axtaran 21 yaşlı Mirməhəmməd Ağayevdir. Geriyə yolun olduğu isə bəlli deyil".



AzNews.az