YAP funksioneri Elton Məmmədovun müdafiəsinə qalxdı

"Bolşevizmin iyi gəlir"


Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının funksioneri Aydın Mirzəzadə həmkarı, Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovu müdafiə edən yazı yazıb. Özünün facebook hesabında paylaşdığı həmin yazını olduğu kimi təqdim edirik:

Dünən Azərbaycan saytlarının birində Milli Məclisin deputatı Elton müəllim Məmmədovun oğlu haqqında bir yazı verilib. Gənc oğlanın bahalı maşınlarının adları sadalanır, onun saatının markası və istifadə etdiyi ətirlər haqqında tədqiqatın nəticəsi bildirilir.

Bu azmış kimi gənc Məmmədovun şəxsi həyatına kobudcasına müdaxilə edilir, onun haqqında əsası olmadan kobud və həqarətli fikirlər bildirilir.

Ancaq bir səbəbə görə ki, o tanınmış ailədəndir və biznes fəaliyyətini də uğurla qura bilib.

Bütün bu söhbətlərdən isə bolşevizmin iyi gəlir. Müasir dövrdə insanın imkanlı olduğuna görə ittiham edilməsi çox əcaib görünür.

Həmkarım Elton müəllim parlament fəaliyyətinə biznes sahəsindən gəlib və hal-hazırda onun biznesinin etibar etdiyi insanların, o cümlədən övladlarının davam etdirməsi normal və qanuna uyğun bir işdir. Oğlunun da hansı maşın markasını sürməsi və hansı ətirdən istifadə etməsi onun şəxsi işidir.

İnsanı imkanlı olmaqda ittiham etmək çox qəribə bir şakərdir. Azərbaycan vətəndaşının dünyanın ən mükəmməl maşın və texnologiyalardan istifadə etməsi ancaq alqışlana bilər. Çünki, onun aldığı hər bahalı əmlak onlarla, bəzən isə yüzlərlə insan üçün iş yerinin açılması və vergiyə və sosial müdafiəyə əlavə vəsaitlərin daxil olması deməkdir.

Hesab etmirəm ki, Azərbaycan gəncləri ancaq ucuz və işlənmiş avtomobil sürməli, bahalı saat markalarında isə ümumiyyətlə xəbərsiz olmalıdırlar. Hamının bərabər, ancaq hamının kasıb yaşadığı cəmiyyət modelləri tarixdə həmişə iflasa uğrayıb, ona görə də imkanlılara paxıllıq etmək, onlara qarşı səlib yürüşü təşkil etmək təşəbbüslərini heç zaman dəstəkləmirəm.

Deputat həmkarımın övladına irad bildirirlər ki, onun bir maşınına sərf etdiyi vəsaitlə neçə tələbə oxutmaq və neçə nəfər müalicə etdirmək olardı. Bu tezis də SSRİ-nin Stalin dövrünü xatırladır. Bunun həyata keçirilməsinin də nə ilə nəticələndiyi hamıya yaxşı məlumdur.

Artıq 14 ildir Elton müəllim Məmmədov millət vəkilidir. Bu müddət ərzində onu həmişə təvazökar və xeyirxah bir insan kimi tanımışam. Ola bilsin ki, etdiyi xeyirxahlıqları göstərməyə maraqlı deyil və ya əhəmiyyət vermir. Ancaq şübhəm yoxdur ki, onları mətbuata versəydi, bu halda onu özünü reklam etdirməkdə ittiham edəcəkdilər.

Deputat həmkarımın imkanlı oğlu haqqında verilən yazı təsadüfi deyil. Bu gün onun, sabah isə bir başqa imkanlı azərbaycanlının ailəsi haqqında yazılar gedəcək. Və beləliklə də cəmiyyətimizdə imkanlı insanlar haqqında bir mənfi fikir formalaşdırılmasına çalışacaqlar. Kimlərsə buna bəsit baxa bilər, ancaq bunun ağrısını cəmiyyət sonradan başqa formada çəkə bilər.

Azər
AzNews.az