- Köhnə - Cəmiyyət
- 17 Fevral 2014 12:47
- 7 538
DSMF-dan dəfn xərci ilə bağlı AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsi qurumun fəaliyyətində qanun pozuntusunun olmasına dair mediada gedən yazı ilə bağlı açıqlama verib.
DSMF-nin Neftçala rayon şöbəsinin, pensiya təminatı sektorundan AzNews.az-a bildirdilər ki, "Azadlıq" radiosunun "Qaynar xətt"inə şikayət edən Vüqar Abdullayev adlı Neftçala sakininin iddiası araşdırılıb.
Araşdırma zamanı bəlli olub ki, V.Abdullayevin şikayətdə deyildiyi kimi 4 ay əvvəl dünyasını dəyişmiş anası Dilarə Abdullayevanın vəfatı ilə əlaqədar dəfn xərcini almamasına dair iddiası əsassızdır.
Şöbədən verilən məlumatda bildirilir ki, ilk növbədə mərhumun kimliyi şikayətdə tam göstərilməyib: "Buna baxmayaraq, bu tərəfimizdən araşdırıldı və müəyyən edildi ki, şöbədə yalnız təqaüdçü kimi Dilarə Abdullayeva adlı bir şəxs qeydiyyatda olub.
Mərhum 1995-ci ildə təqaüdə çıxıb və 2013-cü ilin yanvarında isə dünyasını dəyişib.
D. Abdullayevanın vəfatından sonra isə onun qızı müvafiq sənədləri təqdim etdikdən sonra dəfn xərcini alıb. Amma həmin mərhumun oğlu olmayıb".
Verilən məlumata görə, ümumiyyətlə isə pensiyaçı rayon sakinlərinə vəfat etdikdə qanunvericiliyin tələblərinə uyğun olaraq dəfn xərcləri ayrılır və bu vəsait mərhumun ailələrinə təqdim olunur.
Xatırladaq ki, "Azadlıq" radiosunun "Qaynar xətt"inə müraciət edən Neftçala rayon sakini Vüqar Abdullayev anası Dilarə Abdullayevanın vəfatından sonra dəfn xərcini ala bilməməsindən şikayətlənib. V. Abdullayev deyib ki, təkcə dəfn xərcini yox, vəfat etmiş anasının sağlığında ala bilmədiyi təqaüdü də onlara vermirlər.
Amid
AzNews.az