Boş formaların, boş strukturların estetikası

(Tokay Məmmədovun "Koroğlu"sundan doğan düşüncələr)


"Forma" nədir?

Dilimizdə ən çox işlətdiyimiz sözlərdən biridir. Onun sinonimi ərəbcədən götürdüyümüz "şəkil"dir (ərəbcəyə qohum ibrani-yəhudi dilində "şekl" pula deyirlər). Mən bilmirəm, çin və ya hind dillərində "forma" işlənir, ya yox. Ancaq bizdə işlənsə də adamlarımızın çoxu onun nə olduğunu aydın söyləyə bilmir. Onun üçün də heykəltəraşlıq, memarlıq haqqında yönlü bir şey demirlər.

Latıncadan alınan bu söz nəyinsə şəklini, görüntüsünü bildirir. Elmi düşüncə sonradan ona başqa göstəriciləri artırmışdı. Artırmasaydı, nəyimizə gərəkərdi?!

Forma bildirən, məzmun bildiriləndir

Burdan çıxan sonuc: forma anladandır, ona görə də mənalar toplusu olan məzmuna anladılan da demək olar. Azərbaycan insanının səhvi məzmunu həmişə ağıllı düşüncə kimi başa düşməkdir. Ancaq muğamın bildirdiyi məzmunda nə ağıllı fikir var?! Düzdür, Rəsul Rzanın rənglər haqqında şeiri ruhunda muğamda fikirlər açmaq olar. Bunu Bəxtiyar Vahabzadə edib, ancaq musiqi, memarlıq formaları kimi biçimlərdən ağıllı düşüncələr çıxarmaq dalınca düşməyə dəyməz. Bəs onda nə etməli? Axı, biz öyrəşmişik kültür olayının çox dəyərli olmasını sübut etmək üçün onun məzmununu, onun bildirdiklərini ağıllı fikirlər kimi açmağa. Ona görə də Misir ehramlarında bir kitaba sığan kosmoloji ideyalar görməyə çalışırıq. Ona görə də Qız qalasında nəsə ağıllı fikir axtarırıq.

Bütün qalalarda bir deyimlik ağıllı düşüncə tapmaq olar: məsələn, özünü və ya nəyisə qorumaq üçün möhkəm divarlar tik, içində gizlən! Ancaq bizim fikirbazlar istəyirlər Qız qalasından Nizaminin poemalarındakı qədər düşüncələr çıxarsınlar.

Hərçənd ağıllı düşüncələri başqa yöndən çıxarmaq olar. Məsələn, Qız qalasının tikilməsini şərtləndirən mühəndis fikri, məktəbi var. Onlar da ağıllı düşüncələr kateqoriyasındadırlar. "Necə olub ki belə qala düzəldiblər" sorusuna cavab verəndə Qız qalasının formasından ağıllı fikirlər açılır. Beləcə, Bakının simvoluna çevrilən Üç Alovda butaları-filanı tapmaq ağıllı fikir tapmaq iddiasında olsa da elə təsirli deyil. Ancaq hansı texnologiya ilə tikilib, memarlıq gələnəklərindən necə istifadə edilib məsələsindən danışanda ağıllı fikirlər ortaya çıxır. Mənimsə dediyim başlıca ideya odur ki, Üç Alov qülləsinin məzmununa ağıllı düşüncə planında yox, tutalım, cib planından yanaşmaq gərəkir.

Götürək cibi. Nə qədər faydalı icad! Son zamanlar xəsislikdənmi-nədənmi, köynəklərə döş cibi qoymurlar və bundan o qədər əziyyət çəkirik ki. Cibi əski insan ixtira edəndən sonra, görün, hansı gəzintilərə düşüb. Paltarda cib haralara gedib çıxmayıb? Kişi ombasına çıxıb? Çıxıb! Çağdaş şalvarlarda dizdən aşağı düşüb? Düşüb! Cib cibgirlik sənətini və bu sənətlə ilgili əfsanələri, mifləri yaradıb? Yaradıb!

Deməli, əsas məsələ, Üç Alov qüllələrinin cib kimi Azərbaycan dünyasında "gəzməsidir". Gəzib anışmalar, assosiasiyalar toplamasıdır. Reklamlarda gəzməsi var, azəri qürurunda gəzməsi başlayıb. Ancaq Fransadakı Eyfel kimi doğmalıq duyğularını oyatmaq üçün gəzintisi olacaqmı, bunu hələ bilmirik. Bütün hallarda bu qüllələrin məzmunu fəlsəfi məqalənin məzmunu deyil.

Forma düzən, məzmun düzüləndir

Niyə biz qaranlıqda görmürük? Çünki necə düzülməyi görmürük. Niyə xaosda heç nə anlamırıq? Çünki düzüləndə anlayırıq. Dilin qrammatikası sözləri hansısa qaydada düzdüyü üçün anlaqlılıq yaradır.

İndi, Tokay Məmmədovun "Koroğlu" heykəlini heç kim bəyənməyəndə ki "belə Qırat olar, belə Misri qılınc olar?!" çox zəif arqument səsləndirirlər. Bəylər, sizin söylədiyiniz Qırat dastanda, təsəvvürlərimizdə var, axı. Tokay Məmmədov istəyib Koroğlu məzmununu başqa düzümə salsın ki, nəsə başqacürlük alınsın. Birini alıb, hamı narazı olsa da ondan danışır. İkincisi, heykələ miniatür rəssamlığından disproporsiya düzümünü gətirib. Mən, axı, bir dəfə demişəm, sənətkar bizə "bozbaş" bişirəndə gərək pikant etsin, yəni dadını güclü və başqa cür etsin. Dahiyanə heykəl bu başqalığı, tutalım, təbiətdən alır. Hamı Mikelancola olub David fiqurunu yapmaq istəyəndə yaponların etkisi ilə kimsə ilk dəfə, sadəcə, əcaib formalı daşı gətirdib, parkın ortasına qoydu. İlk dəfəlik məsələsində çox az kültür irəli çıxıb. Ancaq ilkdəfəliyə vurğun olub onun hələ tükənməmiş imkanlarını mənimsəmək məsələsində Azərbaycanın uğurları pis deyil. Səttar Bəhlulzadə eləcə puantalizmi mənimsəmişdi. "Koroğlu" heykəli də elədir.

Bir sözlə, xalça, heykəl, musiqi formalarından ağıllı məzmun gözləməyin. Onların dəyəri necə düzməkdə, necə bildirməkdədir.

Qızlar, oğlanlar, qıvrım cizgilər

Bir də deyim: forma saxlayan, məzmunsa saxlanılandır (daşıyan/daşınan). Forma bildirən, göstərən, məzmunsa bildirilən, göstəriləndir. Forma düzən (struktura, quruluşa salan) məzmunsa strukturlaşandır.

İndi bu sadalananlardan itələnib bir ilginc düşüncəyə çıxaq. Forma tam məzmunsuz ola bilməsə də xeyli məzmunsuz ola bilər. Ortaçağda müsəlman gözəllərinin birçəyi qarmaq kimi burulurdu (19-cu yüzildə oxşar naxışı fransız frantları-stilyaqaları başladılar saçları ilə alınlarında cızmağa). Bu saç naxışı nə daşıyırdı, hansı məzmunu strukturlaşdırırdı? Di gəl buna cavab tap!

Kimsə deyə bilər ki, Ortaçağ gözəlliyində düz cızığın darıxdırıcılığına qiyam vardı, ona görə də qanrılıb baxmaqdan, cızığı butasayağı və ya ornamental burmaqdan ləzzət alırdılar.

İndi ki qızlardan danışdım, bunu da deyim. Çağımızda onlar fotoobyektivi görəndə həməncə boynubükük nazlı görünüş alırlar. Düşünmək olar ki, bədənlərində günəbaxan və başqa güllərin əyrisini cızırlar. Nədir bu? Onların bədənləri ilə cızdıqları əyrinin məzmunun gül-çiçək olmasıdır? Güman ki, budur. Ancaq bizim camaat öyrəşib ki, məzmun deyəndə qatar-qatar düşüncələr gəlsin. Mən isə irəlidə söylədim ki, hansısa formada məzmun çox seyrək ola bilər. Ona görə də "Koroğlu" heykəlində, Üç Alov qülləsində, Qız Qalasında dərin məzmun axtarmağına dəyməz. Onlar hansısa mənada boş strkturlar, boş qablardır (boşqablardır).

Kamal Abdullaya bunu söyləyəndə bir leksik paradoksu dedi: "boşqab doludur". Boş qabdırsa, necə dolu ola bilər?

Hər haldı Kant sayırdı ki, məkan bizim qavrayışımızın "boşqablarıdır", duyğu orqanlarımıza təsir olanda axan informasiya bu boşqabalara yığılır. Ancaq biz məkanı içi dolu olmayanda belə boş strukturlar kimi təsəvvür ediriksə, deməli, onları dünyadan almırıq. Məkan görməyimizin stukturlardır, boşqablarıdır.

Marksizm-leninizm İncəsənətdə formalizmə qarşı vuruşurdu. Abstraksionizm, sürrealizm, kubizm isə deyirdi ki, "dərin məzmunu" boş burax. Sən boşqab biçimində ilginc düzüm, struktur, forma yarat – onları sonra məzmunla doldurub-boşaltmaq olar. Hərçənd doldurub-boşaltmasan da olar.

Üç Alov qülləsi, "Koroğlu" heykəli, Qız qalası dərin "fəlsəfi" məzmun daşıyan formalar deyil. Onlar qızın yanağına yaraşıq verən xel kimidir. Onlar boş qablar biçimində boş strukturlardır, haçan istəsən, içlərini nəyləsə doldura bilərsən. Qız qalası haqqında əfsanələr məzmunla doldurmağa bir örnəkdir.

Anti-dərinlik anti-məzmun kimi

19-cu yüzildə Alman filosofu Niççe bir əcayib jest edərək dərinlik ideyasına qarşı çıxmışdı. Baxın, bizim bütün intellektual ləzzətimiz nədəsə gizlənən dərin mənaları açmaq üstündə durur. Sandıq metaforası forma və məzmun birgəliyini açan ən güclü rəmzdir. Forma sandıqdır, məzmun isə sandıqdakı pal-paltar. Əslində, biz deyəndə ki, forma saxlayan, məzmun saxlanılandır (rusca "содержание" elə budur) sandıq metaforasına söykənirik. Niççe dünyanın, mədəniyyətin sandıq biçimində qavranılmasına qarşı idi.

Biz isə burada "Koroğlu", "Cəfər Cabbarlı", "Fizuli", "Nəsimi", "Nizami" kimi heykəllərdən dərin məzmun ummağa qarşıyıq. Onlar hamısı Bakının fəzasına hansı cizgiləri, hansı strukturları vurması ilə dəyərlidir. Haçansa "başları yuxarı qaldırıb tamaşa etməyə zorunlayan heykəllərin" dövrü idi. "Koroğlu" özü də bu dönəmlə bağlıdır. Ancaq "Zorge" belə deyil.

İlk dəfə Stokholmda "adamların arasında duran" və ya "dönəndə qarşına çıxan" heykəllər gördüm. Sonra bunların klonunu (eşhini, əkizini) Tiflisdə, indi isə Bakıda görürəm. "Fəvvarələr meydanında", "Zabitlər bağında", hətta Lənkəranda belənçi skulpturlar düzülüb. Onları dərin məzmun baxımından çək-çevirə salmaq düz deyil. Onları dəyərləndirmək üçün soruşmaq olar: neçənci təkrar, neçənci klondur. O biri soru da var: qızın yanağına yaraşıq verən xal prinsipində bu heykəl Bakının məkanına hansı görünməmiş cizgini vurub? Necə düzüb, necə qoşub?

Bakıya "əndirabadi" cizgilərdə, strukturlarda heykəllər lazımdır. Sənətkarın bu əndirəbadiliyində haradan götürməsi çox önəmlidir. Ən gözlənməz nəsnədən, yerdən götürülənlər daha dəyərli olacaq. Eləcə də yuxulardan, qarabasmalardan götürülənlər…

AzNews.az