İlham Əliyev və xanımı Milli Parkda

Martın 10-da Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib.

Prezident İlham Əliyevin tapşırığı ilə Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması layihəsinin uğurla icra olunması Bakının simasını tamamilə dəyişib. Şəhər sakinlərinin və eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb. Burada müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib istifadəyə verilib. Bakı Bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanılıb.

Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın Dutch Wheels (Daç Vilz) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılmışdır. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilib.

Qeyd edilib ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə vardır.

Dövlət başçısı və xanımı yeni qurğu ilə yaxından tanış olublar.

Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək.

AzNews.az