Kamal Abdulla dini icma üzvləri ilə görüşdü

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Novruz bayramı günlərində Lənkəran, Astara, Quba, Qusar və Xaçmaz rayonlarında olub.

Azərtac xəbər verir ki, dövlət müşaviri əvvəlcə həmin rayonlarda ictimaiyyət nümayəndələri və ziyalılarla görüşüb. Səmimi və açıq dialoq şəraitində keçən görüşlərdə Azərbaycanda millətlərarası münasibətlər, etnik dillərin və mədəniyyətlərin, zəngin multikulturalist ənənələrin inkişafı, Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Dövlət müşavirinin Lənkəran, Astara, Quba, Qusar və Xaçmaz rayonlarının və kəndlərinin bir sıra məscidlərində, Qırmızı Qəsəbədəki (Quba rayonu) sinaqoqda, eləcə də Xaçmaz rayonunda rus pravoslav kilsəsində dini icma üzvləri və ruhanilərlə görüşlərində dövlət-din münasibətlərinin mövcud durumu, etnik-dini tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərin qorunub saxlanması, yad dini ideologiya və radikal təriqətlərin qarşısının alınması zərurəti və digər aktual mövzular müzakirə edilib.

AzNews.az