Laçınlılar İlham Əliyevə müraciət etdi

Moderator.az-ın poçtuna bir qrup laçınlının imzasıyla şikayət məktubu daxil olub və onlar üzləşdirkləri məmur özbaşınalığına görə prezident İlham Əliyevdən kömək istəyiblər. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli redaksiya! Bu müraciət aidiyyatı ünvanlara göndərilib. Eyni zamanda, sayt tərəfindən işıqlandırılması da pozulan hüquqlarımızın bərpa edilməsinə kömək edərdi. Ona görə xahiş edirik ki, bu müraciəti yayımlayasınız.

Laçın rayon Ağgöl ümumi orta məktəbinin direktoru İbrahimov Hidayət Əhəd oğlu Laçın rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin himayədarlığı altında öz rəsmi vəzifə səlahiyyətləri çərçivəsində həmin məktəbin Laçın rayonunun kürd əsilli Ağbulaq kənd sakinləri – dil-ədəbiyyat müəllimi Bəxtiyarov Etibar İbrahim oğlunu, riyaziyyat müəllimi Ağayarov Vüqar Ziyadxan oğlunu və texniki işçi Ağayarova Sənəm Kamil qızını hər ay aylıq əmək haqqının bir hissəsini ona verə bilmədiklərinə görə uzun müddətdir ki, inzibati təzyiqlərə məruz qoyaraq sıxışdırır.

Bu insident haqqında Laçın rayon İcra Hakimiyyətinin bütün müvafiq şöbələrinə, hətta başçılara, Təhsil şöbəsinə və hüquq mühafizə oqranlarına olan çoxsaylı müraciətlərə baxmayaraq Laçın rayon Ağgöl ümumi orta məktəbində təhsilin bütün qanunlarını küncə sıxışdıran, mütəşəkkil korrupsiya burulğanında tüğyan edən dözülməz inzibati təzyiqlər səngimək bilmədən davam etdirilir. Belə ki, zirehləndirilmiş korrupsioner direktor Laçın rayon rəhbərliyinin bəzi korrupsioner məmurları ilə işlərini səhmana saldıqdan sonra Ağcabədi rayon Polis şöbəsinin və prokurorluğunun bəzi oxşar məmurları ilə əlbir olub öz vəzifə səlahiyyətləri çərçivəsində onları inzibati təzyiqlərə məruz qoymaqla yanaşı həm də peşəkarcasına şərləyərək məskunlaşdıqları yerdən köçürmək istəyir.

Cənab prezident!

Ağbulaq kənd sakinləri, məcburi köçkünlər Bəxtiyarov Etibar İbrahim oğlu, Ağayarov Vüqar Ziyadxan oğlu və Ağayarova Sənəm Kamil qızının doğma vətənləri olan Azərbaycan Respublikasında tam hüquqlu bir vətəndaş kimi yaşaya bilmələri üçün onlara qarşı Laçın rayon Ağgöl ümumi orta məktəbinin korrupsioner direktorunun əli ilə təşkil edilən analoqu olmayan insanlığa zidd repressiyalara son qoyulmasına zəruri köməkdarlıq göstərməyinizi xahiş edirik.

Hümbətov Sakit Yaqub oğlu

İmaməliyev Əjdər Alı oğlu

Qəmbərov Şakir Bəylər oğlu və digər 28 nəfər

AzNews.az