Məmurların “avtoşluğu” və görünməmiş informasiya tryukları – VİDEOLAR

Bu gün kütləvi informasiya vasitələrində dəbdə olan, "nazirlərin sonunu çatdıran", "klan savaşı"nda əsas kəsici "alət" kimi istifadə edilən, az qala bir nömrəli problem qiyafəsində cəmiyyətə sırınan "avtoş" mövzusuna müxtəsər toxunmaq istəyirik.

"Avtoş" kimlərə deyilir?

Fikrimizcə, işıqforun rənglərinə məhəl qoymadan, müxtəlif qadağan olunmuş - "mələmə", "hürmə", "təcili yardım" və s. siqnallardan istifadə edən, qoşa xətt deyilən bir "hasar"ın üzərində manevrlər eləyən, yolun ortasında heç bir təhlükəsizlik qaydalarını gözləmədən sərnişin düşürdən, lazım gələrsə, əks istiqamətlə hərəkət edib cəzasız qalan və "vsevidyaşiy" kameralardan yayınan sürücülərə "avtoş" deyilir.
Belə olduğu halda həmin o taleyinə "savaş zirehi" yazılmış videolardakı avtomobil sahiblərinə "avtoş" deməyə adamın dili gəlmir.

Çünki onlar heç olmasa, az-çox ictimai rəydən qorxub, gecələr və kənar yollarda şütüyürlərsə, bizim nazir qohumu, "qudurğan məmur uşağı" olmayan, "yarım milyonluq eksklüziv avtomobil"i yuxusunda da görməyən xeyli sürücülərimiz bu hərəkətləri elə hamımızın gözü önündə nümayiş etdirirlər. Nəinki şəxsi avtomobillərin, hətta taksi, avtobusların da belə "ölüm yarışına" girdiyini heç görmədinizmi? Analoqu olmayan "tryuk"lar edən, deputat dədəsinin yarım milyonunu yox, sərnişinlərin, piyadaların həyatını risk qarşısında qoyan bu sürücülər görəsən, hansı məmurun balalarıdır?

Görəsən, bunları qudurdan, qanadlandıran, göylə uçurdan hansı dəbdəbə, hansı sərvət, hansı harınlıqdır?

Cənablar, bəlkə məmur övladları "şəhəri dağıtmaq", "səs-küy salmaq", "asayişi pozmaq" kimi vəhşi ehtiraslarını öz qiyafəsini dəyişməklə taksi, "07", avtobuslarla həyata keçirirlər?

Bu gün nazirin qardaşı oğlunun əslində, olmayan avtomobilini dayanacağa yerləşdirməklə qürrələnən yol polisi də bəzən bu kasıb balalarına "rəhmlə" yanaşır. Belə olmasaydı, "quşu gözündən vuran", "avtoşu" şinindən tanıyan yol polisi əməkdaşları tez-tez "Avtoxuliqanlarla bacara bilmirik" deyib ah-zar eləməzdilər. Bunlarla bacarmaq üçün lüzum olmadan fərdi vətəndaşları saxlayıb cəza tədbirləri görməkdənsə, əməkdaşlarınızın qarşısında belə hansısa "razılaşmalara" arxayınlaşıb, qaydaları pozan sürücülərə əncam qılmanız gərəkir.

***

Bu gün cəzadan yayınanlar həm də ictimai nəqliyyat sürücüləridir. Bir ara qaydaları pozan ictimai nəqliyyat sürücülərinin cəzalandırılması ilə bağlı ardıcıl reydlər başladı. Cəmiyyət tərəfindən təqdir olunan bu prosesin təəssüf ki, ömrü çox qısa çəkdi - cəmisi bir həftə... Niyəsini isə bilən yoxdur.

***

İndi isə bir-iki kəlmə "nəqliyyat qoçularından" – mətbuatımızın manşet qəhrəmanlarından... Təbii ki, bu "qoçular"ın bəzi üzdəniraq davranışına, qabalıqlarına heç cür bəraət qazandıra bilmərik. Amma "Min dəfə Hüseynə ağlayanda, bir dəfə də Yezidi yada salın" məsəli də var. Tutaq ki, bu adamlar da, onlara rəhbərlik edənlər də qoçudular, harındılar, nə bilim nədirlər... Amma hələ indiyə kimi bu adamların vətəndaşdan, sürücüdən taksi fəaliyyəti üçün zəruri sənəddən başqa nəsə tələb etdiyini görən olubmu? Bu adamların hərəkətləri tutaq ki, qoçuluqdur, bəs qanunlara məhəl qoymadan taksi fəaliyyəti ilə məşğul olmaq qoçuluq deyilmi? Siz elə bilirsiz həmişə qayda-qanunsuz işləyən, fəaliyyəti heç bir normayla tənzimlənməyən taksi sürücülərinə qayda-qanuna riayət etməyi öyrətmək asandır?! Hələ ortada "72-ci millət" söhbəti də var.

***

Əslində, bu gün hansısa məmur uşağının şəhərdənkənar bir yerdə yarışa girməsi, taksi sürücüsü ilə nəqliyyat müfəttişləri arasında ənənəvi "müharibə" mətbuatın əsas mövzusu olsa da, cəmiyyəti o qədər də maraqlandırmır. Axı bizim hamımıza dəxli olan məsələlər var ki, buna mətbuat "ikinci sort" informasiya kimi baxır. Məsələn, maraqlanılmır ki, milyonlarla vəsait xərcləyərək, yollar və keçidlər, hətta İntellektual İdarəetmə Mərkəzi niyə yaradıldı? Bunlar hansı dərdə dərman oldu? Əgər İntellektual İdarəetmə Mərkəzi varsa, niyə yenə də işıqforlarda az qala polis postları qurulur. Bəs bu intellektual yarıqlı İdarəetmə Mərkəzi nəyi idarə edir?

Fikrimizcə, bu suallara cavab gözləməyə çox vaxt sərf etmək lazım deyil. Daha yaxşı olar ki, vətəndaşlar həm də öz üzərlərinə düşən işləri yerinə yetirsinlər.

Nə qədər ki, keçidlərdən keçməyi, maşınlarımızı düzgün saxlamağı, qanuni yolları qoyub, əyri yolları seçməyi tərgizməmişik, nə qədər ki, "Uşağımı tapşır, qiymətini yazsınlar", "Həkimə de, məni növbədən kənar qəbul etsin", "İçkiliyəm, cərimə yazmasınlar", "Qanunsuz arayış yazsınlar " və başqa ziyanlı xahişlərdə bulunacayıq, ideal cəmiyyət, nümunəvi məmurlar görməyəcəyik. Gördüklərimiz "məmur avtoşluğu" və nələrəsə hesablanan informasiya tryukları olacaq.

Hörmətlə yanaşmadığımız QANUN bizi qoruya bilməz!













N.Əmrah