Şeyx: “İslamı terrorla eyniləşdirməyə cəhdlər edirlər”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-da keçirilən Forumda çıxış edib.

QMİ-dən AzNews.az-a verilən məlumata görə, çıxışı zamanı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir. Mühüm mövqedə yerləşən Azərbaycanda müxtəlif etnik və dini icmalar arasında milli, irqi, dini ayrı-seçkiliyə heç bir zaman yol verilməmiş, bütün xalqlar, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar: "Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın böyük bir tarixi mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Tolerantlığı yüksək mədəniyyətin təzahürü kimi dəyərləndirən ulu öndərimizin və onun siyasi xəttini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təminatı, dini-mənəvi dəyərlərin qorunması, müsəlman, xristian, yəhudi və başqa dinlərə məxsus məbədlərin bərpası və təmiri sahəsində böyük uğurlara nail olunmuşdur".

Şeyxülislam əlavə edib ki, Azərbaycanda müxtəlif dini konfessiya rəhbərləri arasında səmimi qardaşlıq və səmərəli əməkdaşlıq mühiti hökm sürür: "Biz, ölkəmizdəki pravoslav icmasının başçısı Arxiyepiskop Aleksandr, yəhudi icmasının başçısı Melih Yevdayev, katolik icmasının rəhbəri Vladimir Fekete ilə, hər zaman olduğu kimi, bu gün də bir yerdəyik. Bütün bunlar multikulturalizm ideyalarına sadiq Azərbaycanda mövcud dini-mənəvi mühitin reallığıdır. Müasir dövrün kəskin reallıqlarını izlərkən bu qənaətə gəlmək mümkündür ki, milli və dini zəmində baş verən münaqişələrə qarşı biz ənənəvi dinlərin sülh, ədalət və mənəviyyat prinsiplərindən geniş istifadə edə bilərik. Çünki bizləri bəşər ailəsinin üzvləri kimi birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən və ayıran amillərdən qat-qat möhkəm, dərin və mühümdür".

A.Paşazadə qeyd edib ki, müasir dövrdə bəşəriyyəti narahat edən problemlərin əksəriyyəti daha çox mənəvi mahiyyət daşıyır: "Bəzən dinlərarası münasibətlərə gərginlik gətirilir. Terror əməllərinə dini ideologiya donu geydirilməsi ikrah doğurur. Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır, hətta İslamı terrorla eyniləşdirməyə cəhdlər edilir. Halbuki, kin, nifrət, zorakılıq və təcavüz dünya dinlərinin, o cümlədən, İslamın müqəddəs hökmlərinə ziddir. Bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər. Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi - ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması və bir milyon insanımız etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir. İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılmışdır. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər".

Onun sözlərinə görə, dünyada sülhün və əmin-amanlığın, cəmiyyətlərdə sağlam mənəvi-əxlaqi mühitin bərqərar olması və ənənəvi dəyərlərin qorunması məsələsində din xadimlərinin səylərinin birləşdirilməsi olduqca önəmlidir: "Biz bəşərin qlobal bəlalardan xilası və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daima qoruyub saxlamalı, onu fəal şəkildə təşviq etməliyik".

Amid
AzNews.az