Leyla Yunusun maliyyə qaynaqları

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun xarici donorların ayırdığı maliyyə vəsaitini hansı yolla qəbul etdiyi məlum olub.

AzNews.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Sülh və Demokratiya İnstitutunun (SDİ) qeydiyyatdan keçməməsi səbəbindən "Transparency İnternational" təşkilatının Azərbaycandakı milli bölməsi olan "Şəffaflıq Azərbaycan" İctimai Birliyi (İB) SDİ-nin tərəfdaşı kimi çıxış edib və xarici donorların L. Yunus üçün ayırdığı vəsaitin bir hissəsi müxtəlif vaxtlarda "Şəffaflıq Azərbaycan" İB-nin hesabına köçürülüb.

L. Yunus isə sonradan həmin vəsaiti nağdlaşdırıb.

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında da "Şəffaflıq Azərbaycan" İB-nin fəaliyyəti müzakirə olunub. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Şəffaflıq Azərbaycan" İB-nin boykot edilməsi təklifi ilə çıxış edib.

O bildirib ki, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında "Şəffaflıq Azərbaycan" İB-nin icraçı direktoru Rəna Səfərəliyevanın özü də iştirak edib: "Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir".

Rəna Səfərəliyeva isə bu iddia ilə razılaşmayaraq, 100 minlərlə manat vəsaitin nağdlaşdırılması prosesində iştirak etmədiyini bildirib.

AzNews.az