Generalın ölkəni tərk etməsi xəbəri ilə bağlı RƏSMİ açıqlama

Müdafiə Nazirliyi Azərbaycan generalının Rusiyaya qaçması ilə bağlı yayılan məlumatlara rəsmi münasibətini bildirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb. Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb: "Müdafiə Nazirliyi olaraq, bildiririk ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil".

Qeyd edək ki, hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov KİV-ə verdiyi açıqlamasında general Bağır Fətullayevin Rusiyaya qaçdığını söyləyib. O qeyd edib ki, Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə ona Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verilib: "Bu yaxınlarda onunla MN-in rəhbər şəxslərindən biri arasında baş verən münaqişədən sonra general Bağır Fətullayev heç kimə demədən, icazəsiz Moskva şəhərinə gedib və xidmət yerinə qayıtmayıb".

AzNews.az