“Şuşaya Azadlıq! - 22 dildə” videoçarxının təqdimatı keçirildi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanmiş "Şuşaya Azadlıq - 22 dildə" videoçarxının təqdimat mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, qhtxeber.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçən bu toplantını Şura sədri, millət vəkili Azay Quliyev açaraq Azərbaycan torpaqlarının 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında saxlanmasının əsas səbəblərindən biri kimi əksər beynəlxalq təşkilatların münaqişənin ədalətli həllinə göstərdiyi laqeydliyi nümunə göstərib.

Şura sədri xüsusilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə bilavasitə məsul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini ciddi tənqid edib. Qeyd edilib ki, Azərbaycan cəmiyyətində haqlı olaraq bu qurumun problemin həlli ilə deyil, onun uzadılması ilə məşğul olması ilə haqqında rəy formalaşıb.

Azay Quliyev ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrinin hətta diplomatik bitərəflik prinsipini belə qoruyub saxlaya bilmədiyini vurğulayaraq, qeyri-obyektiv mövqe tutan bu şəxsin missiyadan kənarlaşdırılmasının vacibliyini bildirib.

Qarabağ münaqişəsinin yalnız dövlətin, vətəndaş cəmiyyətinin deyil, hər bir azərbaycanlının problemi olduğunu bildirən Azay Quliyev Şura tərəfindən ilk dəfə olaraq 22 müxtəlif dildə "Şuşaya Azadlıq!" şüarının səsləndirildiyi "Şuşaya Azadlıq! - 22 dildə" videoçarxının hazırlandığını qeyd edib.

"Şuşanın azadlığı Qarabağın azadlığıdır" deyən Şura sədri bu şəhərlə bağlı saysız maddi və mənəvi irs nümunələrinə sahib olmağımızın ermənilərin işğalçılıq siyasətinin ifşasını xeyli asanlaşdırdığını vurğulayıb. A.Quliyev videoklipin fərqli formatda, yeni yanaşma ilə, sivil dünyanın anlayacağı formada hazırlanmasına diqqəti çəkib.

Daha sonra videoçarxa baxış keçirilib. Qısa filmdə Şuşanın işğaldan əvvəlki abad və işğaldan sonrakı dağıdılmış vəziyyəti canlandırılıb. Videoçarxda 22 müxtəlif ölkənin vətəndaşı ana dillərində "Şuşaya azadlıq!" şüarını səsləndirib.

Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov Şuşanın Azərbaycan və dünya mədəniyyətinə böyük töhfələr vermiş şəhər olduğunu qeyd edərək ön cəbhədə atəşkəsin olmasına baxmayaraq, informasiya müharibəsinin dövlətimiz tərəfindən bir an belə dayandırılmadığını bildirib. Ötən il Şuranın dəstəyi ilə Londonda və Rumıniyada kampaniya çərçivəsində keçirilən aksiyalar haqqında məlumat verən S. Nəcəfov ictimaiyyətə təqdim olunan videoçarxın dünyanın müxtəlif ölkələrində nümayişinin keçiriləcəyini deyib. Eyni zamanda 5 dildə "Şuşaya Azadlıq!" internet resursunun yaradılmasının və müxtəlif açıqcaların nəşrinin planlaşdırıldığını da qeyd edib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova üzv olduqları beynəlxalq şəbəkələr vasitəsi ilə "Şuşaya Azadlıq!" kampaniyasına dəstəyi artırmağa çalışdıqlarını və bu qurumlara daim Qarabağ haqqında məlumatların göndərildiyini bildirib. G. Səfərova beynəlxalq əməkdaşlıq çərçivəsində 50 təşkilatın üzv olduğu AMSED platformasının yaxın günlərdə Şuşanın işğal altında saxlanmasına qarşı etiraz bəyanatı yayacağını deyib.

Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov 48 dövlətdən 130-adək təşkilatın birləşdiyi "Sülh Gənclər Qrupunun" üzvü kimi "Şuşaya Azadlıq!" kampaniyasını dəstəklədiklərini və bu qurumun yaxın günlərdə Şuşadakı mədəniyyət abidələrinin dağıdılması ilə bağlı kəskin bəyanat yayımlayacağını bildirib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Biriliyi idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Qarabağ münaqişəsinin dünyaya Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulması məsələsi kimi çatdırılmasının vacib olduğunu qeyd edərək, ölkəmizin artan gücü qarşısında Ermənistanın işğal etdiyi torpaqları tərk etməyə məcbur olacağını deyib.

Millət vəkili Qənirə Paşayeva Şuranın sifarişi ilə hazırlanan "Şuşaya Azadlıq! - 22 dildə" videoçarxının dünyada yayılmasında hər bir vətəndaşımızın fəallığının vacibliyini qeyd edərək bu sahədə görülən işlərin vahid mərkəzdən əlaqələndirilməsinin daha çox səmərə verəcəyini bildirib.

Tədbirdə Rauf Zeyni, Nailə İsmayılova, Əkrəm Bəydəmirli, Şəfiqə Məmmədova, Xanoğlan Əhmədov, Sevda Tahirli, Eyyub Hüseynov, Məhərrəm Zülfüqarlı və digər ictimai sektor nümayəndələri çıxış edərək kampaniyanın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə "Şuşaya Azadlıq!" beynəlxalq kampaniyasının fəaliyyətini koordinə etmək üçün İşçi Qrupun yaradılması, Azərbaycan QHT-ləri adından beynəlxalq təşkilatların bu kampaniyaya qoşulmağa çağırılması, videoçarxın xarici ölkələrdə təqdimatının keçirilməsi, Qarabağ festivalının təşkili, milli azlıqların dünya xalqlarına Azərbaycandakı multikyulturalizmlə bağlı müraciətinin hazırlanması kimi təkliflər səsləndirilib.



AzNews.az