DİN - dən Kəmalə Bənənyarlı haqda iddialara - Cavab

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AXCP üzvü Kəmalə Bənənyarlının polis idarəsində işgəncəyə, təzyiqlərə məruz qalması haqda iddialara cavab verib.

Kəmalə Bənənyarlı mayın 6-sı Bakıda lokal etiraz aksiyasında tutularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib. Vəkil Əsabəli Mustafayev "Media forum" saytına deyib ki, Kəmalə Bənənyarlı Nəsimi Rayon Polis İdarəsində işgəncəyə, təzyiqə məruz qalıb.

AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə "Media forum" saytına açıqlamasında vurğulayıb ki, deyilənlər faktlara əsaslanmır, daha çox populist xarakter daşıyır: "Onun vəkilinin "Media forum" saytına dedikləri həm də özünümüdafiə xarakterli bir çıxışdır. Müdafiə etdiyi şəxsin guya hüquqlarının pozulduğunu, polis idarəsində guya işgəncəyə məruz qaldığını deməklə, yersiz hay-küy qaldırmaqla ictimai diqqəti həmin şəxsə yönəltmək istəyir. Vəkilin bu çıxışı müdafiə xarakterli olduğu üçün müəyyən qədər başa düşüləndir. Amma başa düşülməyən məsələ Kəmalə xanımın müayinədən keçib qeydiyyata alınması, halının yaxşı olmaması və başında şiş olması haqda deyilənlərdir. Vəkilin dedikləri həqiqəti əks etdirmir. Çünki Kəmalə xanım paytaxt polisinin Binəqədidəki saxlanma məntəqəsinə daxil olarkən həkim müayinəsindən keçib və onun üzərində vəkilin dediyi formada heç bir şiş, işgəncəyə məruz qalmanı təsdiqləyə biləcək heç bir iz aşkarlanmayıb.

Onu da qeyd edim ki, saxlanılan şəxsin müraciəti və məntəqə rəhbərliyinin çağırışı əsasında istənilən halda təcili yardım gələ bilər. Bu gün Kəmalə xanımı yoxlamağa gələn təcili tibbi yardım da onda hər hansı zədənin olduğunu aşkarlamayıb. Ona görə də Kəmalə xanımın döyülməsi barədə deyilənlərin heç bir əsası yoxdur.

Həmçinin polis idarəsində protokolu imzalaması üçün Kəmalə xanıma təzyiq göstərildiyi barədə vəkilin dedikləri heç bir hüquqi əsası olmayan açıqlamadır, guya polis idarəsində vətəndaşların döyülməsi barədə yersiz hay-küy yaratmağa, ictimaiyyətin rəyini çaşdırmağa yönəlmiş bir addımdır.

Kəmalə xanım saxlanılarkən, polis idarəsinə gətirilərkən, idarədə və məhkəmədə özünü çox aqressiv aparıb. O, qeyri-etik ifadələr işlədib. Bununla belə, ona qarşı heç bir qeyri-qanuni, qeyri-etik hərəkətə yol verilməyib. Kəmalə xanıma mənəvi-psixoloji, fiziki təzyiqlərin olduğu barədə deyilənləri qəti şəkildə təkzib edirik".

AzNews.az