Əli Həsənov qubernatorla görüşdü – Həştərxanda - FOTOLAR

Mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar Rusiyanın Həştərxan vilayətinə gedən Azərbaycan Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov vilayətin qubernatoru Aleksandr Jilkinlə görüşüb. AzNews.az-ın məlumatına görə, qəbul zamanı A. Jilkin Azərbaycandan gələn nümayəndə heyətini salamlayaraq, Həştərxan Vilayəti ilə Azərbaycan hökumətinin bir çox sahələrdəki əməkdaşlığını təqdir edib və bu əlaqələrin yüksək olduğunu deyib.

A.Jilkin ümid etdiyini bildirib ki, bu il Həştərxanda Azərbaycan, növbəti il isə analoji tədbirin Bakıda keçirilməsi reallaşacaq. Qubernatorun sözlərinə görə, artıq Həştərxandakı ali məktəblərin birində Azərbaycan dilinin tədrisinə başlanılacaq, həmçinin, birgə televiziya verilişlərinin hazırlanması da həyata keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənov isə isti qəbula və qonaqpərvərliyə görə, vilayət rəhbərliyinə təşəkkürünü bildirib. Ə. Həsənov qeyd edib ki, artıq əlaqələr adət halını alıb və son 3 ildə Azərbaycandan Həştərxana 6 dəfə rəsmi nümayəndə heyəti səfər edib. Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına da toxunan Ə. Həsənov deyib ki, Həştərxanla olan münasibətlər Rusiyanın digər vilayətləri üçün nümunə olmalıdır. Ə. Həsənov qubernatora ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun 10 illik yubiley mərasiminin Həştərxanda keçirilməsində yaratdığı şəraitə görə də öz təşəkkürünü bildirib.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti və vilayətin rəhbərliyi Heydər Əliyevin abidəsini ziyarət edərək, onun önünə gül dəstələri qoyublar. Həmçinin, "Meçta" uşaq-əyləncə mərkəzi ilə tanış olan təbdir iştirakçıları, Heydər Əliyevin adını daşıyan 11 saylı orta ümumtəhsil məktəbində keçirilən mərasimə qatılıblar.

AzNews.az
image description image description image description image description image description