Baş redaktora qarşı polis zorakılığı

Milli Miclisin bugünkü iclasında iştirak etmək üçün parlamentə gedən Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadəyə qarşı DYP əməkdaşları tərəfindən zorakılığa yol verilib.

Milli Məclisin qarşısında park edilən bir avtomobilin evakuator tərəfindən götürülməsi prosesini mobil telefonu vasitəsi ilə çəkən baş redaktorun bu hərəkəti ərazidəki DYP əməkdaşlarının narazılığına səbəb olub. Çəkilişə etiraz edən DYP əməkdaşlarına jurnalist vəsiqəsini göstərən Z.Hüseynzadənin vəsiqəsi polis əməkdaşaları tərəfindən məcburi surətd` alınıb. Daha sonra 10 AP 731 nömrəli evakuatora oturan DYP əməkdaşı hadisə yerini tərk edib. Z.Hüseynzadə baş verənlərlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini bildirib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 163-cü maddəsinin 1-ci bəndində göstərilir ki, "jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır". Eyni maddənin 2-ci bəndinə görə, "eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

AzNews.az