Morninqstar: “Bu ən böyük faciələrdən biridir”

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 30 dövlətin diplomatik nümayəndəliklərinin təmsilçiləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. APA-nın yerli müxbirinin xəbərinə görə, diplomatlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında gördüklərinin dünya təcrübəsində acı bir tale olduğunu deyib: "1918-ci ildə baş verən faciə haqqında məlumatım var. Bu, azərbaycanlıların tarixində ən böyük faciələrdən biridir".

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın insanlığa qarşı bütün cinayətlərin əleyhinə olduğunu söyləyib: "Təbii ki, bu ərazi Azərbaycanın faciəvi tarixi əks etdirən ərazidir və burda çox gözəl şərait yaradılıb ki, gələcək nəsillər bu barədə məlumatsınlar".

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun bildirib ki, Türkiyə və Azərbaycan tarixinin təhrif edilməsinə ciddi şəkildə birgə mübarizə aparmağın vaxtı çatıb: "Bir neçə il öncəyə qədər Türkiyə bu iş tək görürdü. İndi isə yanımızda çox güclü qardaşımız var. Biz tarixi təhrif etmirik, biz dünyaya yaşananları və həqiqəti çatdırmağa çalışırıq. Və yaşananları təhrif edərək öz tarixlərini yazmağa çalışanların da anlatdıqlarının doğru olmadığını anlatmağa çalışırıq".

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz səfərin təşkilinə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib. Qubada ermənilərin törətdikləri soyqırım zamanı yəhudilərin də öldürüldüyü barədə məlumatının olub-olması barədə sualı diplomat "mənim bu tarixdən xəbərim var" deyə cavablandırıb. O, yəhudilərin tarix boyu azərbaycanlılarla birgə yaşadığını və Azərbaycanda bütün dünyaya nümunə ola biləcək tolerantlığın mövcudluğunu söyləyib.

AzNews.az