Anar Məmmədov qalibə “BMW X1” hədiyyə edəcək

İyunun 7-də Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə Qubada yerləşən Milli Qolf Klubunda beynəlxalq turnir başlayacaq.

Modern.az-ın verdiyi məlumata görə, Federasiya bildirib ki, turnirdə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular iştirak edəcəklər.

"Əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eləcə də, ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək, Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etmək olan turnir 18 dəlikli "Mixed Stroke Play" formatında baş tutacaq.

Turnirdə yalnız müəyyən "handicap" göstəricisinə malik olan 48 həvəskar qolfçu iştirak edə biləcək. Turnirdə iştirak etmək istəyənlərin sayı artıq olduğu təqdirdə daha aşağı "handicap"i olan 48 oyunçu seçiləcək. Turnirdə iştirak edəcək oyunçuların ödədikləri qeydiyyat haqları xeyriyyə məqsədilə istifadə olunacaq"-deyə Azərbaycan Qolf Federasiyası bəyan edib.

Turnirin əsas mükafatı "BMW X1" avtomobilidir.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2012-ci ilin əvvəllərində yaradılıb. Federasiyanın əsas missiyası Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdir. Azərbaycan Qolf Federasiyası prezidenti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Anar Məmmədov "Qarant Holdinq" şirkətlər qrupunun Direktorlar Şurasının sədridir.

AzNews.az