Bir evdən deyil, bir eldən gedən oğul! - Şəhid ailəsindən Reportaj


ŞƏHİDİN SON ARZUSU: "ATAM NARAHAT OLMASIN..."


Bu yazını müstəqilliyimiz, Vətən torpaqları uğrunda
Şəhid olan bütün Vətən oğullarına həsr edirəm



Dünyanın çox az yerində şəhidlərə dəniz layla çalar. Bizim Xəzər dənizi şəhidlərimizə layla çalır. Sumqayıtda, həm də Bakıda Şəhidlər Xiyabanları Xəzərlə üz-üzədir:

Laylay beşiyim laylay
Evim-eşiyim laylay!
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay!!


Vətənin keşiyini çəkməyə gedənlərə, indi laylanı ağ saçlı Xəzərim, bir də anaları, sevənləri çalırlar.

Sumqayıtın 300-dən çox şəhidi var. 1992-ci ildən başlayan qanlı Vətən müharibələrində canlarından keçdilər. Sonuncu sınaq döyüşlərində daha bir şəhidi də artdı Sumqayıtın. Ötən atəşkəs dövründə müharibə bölgələrində qəfil və ya nagahan düşmən gülləsindən ölən şəhidlərimizə verilən dəyər son aylarda təsəlli yeri oldu. İndi cəbhə bölgəsində fəda olan əsgərlərimiz sayğı ilə, hərbi qaydalara uyğun torpağa tapşırılır.

... Dünyada ən ağır görüş balasını itirmiş ata və ana ilə olan görüşdür. Elə bilirsən ki, səndə də günah var. İtkisi olan qapıya yaxınlaşanda ürəyini ələk-vələk edirsən ki, bu acı yükü çəkənlərə təsəlli olan bir söz tapılarmı?! O yük çəkilməz, o ağrının adı olmaz. O yükün altına çiyin verən valideynlər ikiqat qəhrəmandırlar.

Nağıllarımızda, dastanlarımızda, tariximizdə igid doğan anaların övladının döyüşdə həlak olmasından sonra şax dayandığını, sınmadığını oxumuşduq. Bu gün o analardan biri ilə tanış oldum - Solmaz Abdinova. İki gün öncə Vətən torpaqları uğurunda qəhrəmanlıqla həlak olmuş , Azərbaycan Respublikasının "İgidliyə görə 3-cü dərəcəli medalı" ilə təltif olunmuş Hüseyn Etibar oğlu Abdinovun gənc anasını tanıdım. Tomris ana kimi dayandı. Canında təpər tapdı, evinə gələn-gedənləri, başsağlığı verənləri mərdanə, mətanətlə qarşıladı. Sonra mənimlə söhbətə başladı. Hərdən bir oğlu haqqında xatirələrini danışanda gülümsədi də...

Aman amana qaldı,
Halım yamana qaldı.
Bala, səni görməyim,
Axır zamana qaldı.


1995-ci il aprelin 10-da dünyaya gəlmişdi. Onda atəşkəsdən 1 il ötməmişdi. O zaman balaca Hüseyn heç bilmirdi ki, Azərbaycan müharibə şəraitində yaşayır. Bütün kasıb ailələr kimi qismətləri, nəsibləri bir qarınlıq çörək idi. Ölkənin hər yerində çətinlik var idi. Atası dəmir yolunda fəhləlik edir, axşam süfrəsinə gətirdiyi tikəsinə "şükrançılıq" deyirdi." Stansiya Sumqayıt"- deyilən yaşayış massivindəki əksər sumqayıtlılar kimi kasıbçılığın köçünü sürüdülər. Əslində, babası Hüseynin (Hüseynə babsının adını veriblər) 7 oğlu qızı var idi. Etibar isə kasıbçılıq ucbatından iki uşaqla kifayətlənmişdi. Elə o müharibə illərindən bu günə qədər əhalinin çoxu kasıbçılıqdan 1,2,3 uşaqla kifayətlənməli oldular. Ədabazlar, farmazonlar əziyyət çəkməməkçün az uşaq istədilərsə, kasıblar yoxluqdan çox uşaq istəmədilər ki, kiçik maaşla necə dolanacaqlar? !

... Gün batmışdı deyə, məclisə gəlib gedənin ayağı kəsildiyindən Hüseyn haqqında xatirə danışanlar qohum-əqraba, bibi-xalalar, bibiqızı, dayıqızı, əmioğlanları oldular.
Bibisi qızı Ülkər dil boğaza qoymadı ki... Hüseynin cikini-biçini açıb tökdü. Gizli sevgisindən danışdı. Kasıbçılıqdan Hüseyn 9-cu sinifdən sonra məktəbə az-az gedirmiş. Məktəbə getmədiyi hər günü ata-anasına kömək etmək, 5 manat artıq pul qazanmaq üçün fürsət idi. Məktəbə az getsə də, gözü könlü eyni sinifdə oxuduğu mavigözlü, sarışın gözəli tutubmuş. (Milli adət-ənənlərimizə hörmət əlaməti olaraq sevdiyi qızın adını yazmayacağam. — müəllif). Hələ uşaq yaşlarından ondan qabaq sırada oturan sarışın qızı cırnadar, hörüklərini dartar, ya çantasına məktub qoyar, ya da ki, onunla bir sinifdə oxuyan bibisi qızı Ülkərlə xəbərlər göndərərdi. Əvvəl sinif uşaqları elə bilirdilər ki, ötüb keçər... lakin , aylar- illər ötdükcə Hüseyn qıza daha da çox bağlanırdı. Hətta 9-cu sinifdə oxuyanda , işləyib qazandığı pulla bayramların birində ona qızıl boyunluq da hədiyyə etmişdi. Güc-bəla ilə Ülkər bu hədiyyəni qardaşının sevdiyi qıza verə bilmişdi. Əsgər gedəndə də Ülkərə tapşırmışdı ki, qıza de, məni gözləsin... bəlkə qayıtdım... Ülkər də qızdan dil almışdı. Qız qayıdıb Ülkərə nə desə yaxşıdır?! -"Anam bilsə məni öldürər, ancaq de ki, mən də onu bir balaca istəyirəm...". Beləcə qəlbində bir sevgi ümidi ilə getmişdi cəbhəyə bu balaca, çəlimsiz oğlan... Bu faciəni eşidən o mavigözlü , sarı saçlı qız neçə gündür ki, Tomris ana kimi müqəddəs Solmaz ananın yanına gəlmək istəyir, lakin yarasının közünü qoparmağa ürək eləmir. Qızcığaz neçə gecədir ki, yerinin içində qovrulur, səhərləri diri gözlə açır... Çoxda kı Solmaz xanım deyir ki, "Vətən sağ olsun!!! -- hələ ki, yarası qaysaqlanmayıb, hələ ki, baş verənlərin fərqində deyil, hələ ki, havalıdır, hələ göynərtisi bundan sonra göynədəcək, hələ gəzdiyi, ayağı dəydiyi yerlər bundan sonra yandıracaq qəlbini...

Mən aşiq göyəm yerlər,
Göyərmiş göyəm yerlər.
Mənə nişanə qaldı,
Ayağın dəyən yerlər...

Analar yanar ağlar,
Günləri sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.


Hüseyndən 2 yaş böyük olan bacısı Aysel danışa bilmədi... Özünü şax tutmağa çalışdı. Danışmaq istədi... səsi titrədi... sözlər boğazını, ürəyini yandırdı. Qonşuları ağbirçək İntizar xala onun əvəzinə dedi:

Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Qardaşı ölən bacı,
Durar,obaşdan ağlar.


Solmaz xanım dedi ki, özü də qəsəbədəki hərbi hissədə işləyir. Hüseyn hərbiyə könüllü gedib. Baxıb ki, onun yaşında olan oğlanları əsgərliyə çağırıblar. Durub gedib Sumqayıtdakı hərbi komissarlığa. Deyib ki, gəlmişəm. Buradakı hərbiçi uşağa əvvəl bir hərbə-zorba gəlib ki, indiyə qədər hardaydın? Get valideninlə gəl. Səhəri gün anasına qoşulub gedib. Məlum olub ki, səhlənkarlıq hərbi komissarlığındır. Hüseyn Abdinov yada düşmürmüş. Uşaq tez-tələsik hərbə aid sənədlərini toplayıb. Bu ilin yanvarın 25-i isə gecə saat 12-də evdən çıxıb. Dünən yas yerində bir qohumları deyib ki, hərbi komissarlıqda son dəfə Hüseyn Abdinovu görənlərdən olub. Soruşub ki, bala hara düşmüsən?! Uşaq cavabında deyib: "Bibi Ağdama düşmüşəm. Ora gedənlər də çox vaxt qayıtmır". Solmaz danışır ki, neçə dəfə türk televiziyalarında şəhidlərin dəfni mərasimlərinə və ya onlara həsr olunan kinolara baxandan sonra deyirmiş ki, "Nə xoşbəxtdir ki, şəhid olub. Kaş mən də əsgər gedəndə şəhid olaydım". Solmaz deyir ki, bir neçə dəfə bu sözləri deyəndə üstünə çımxırdım ki, ağzından yel aparsın...

Qız- gəlinlə söhbətimi bitirib, keçdim qapısında qırmızılı-qaralı lent bağlanan həyətə... Şəhid Hüseyn Abdinovun atası Etibarla söhbət etdim. Dedim bəlkə bir yuxu zad görmüşdün qardaş?!
-Həmin gecə yuxumda gördüm ki, Ağdamdayam. Oğlumun yanına getmişəm. Oturub söhbət etdim. Durub qayıdanda mənə dedi ki, ata məzuniyyətim var. Dayan bir yerdə gedək. Apar məni... – Səhər yuxudan ayıldım, fikir məni götürdü. Öz-özümə fikirləşdim ki, uşağın başında nə iş var?!
Sonra oğlundan danışdı:
-Durum deyim ki, oğlum yaxşı oğlan idi, deyəcəksiniz ki, balasını tərifləyir. Hüseyn lap kiçik vaxtlarından çox zəhmətkeş idi. Elə hey istəyird ki, hər işdə mənə kömək etsin. Təkcə mənə yox, bu qohum-əqrabanın, qonum-qonşunun bütün xeyrinə-şərinə yarayardı. Bir balaca boyu vardı, dam dolusu toyu vardı—misalı elə bil onun üçün deyilmişdi. Heç yadımdan çıxmayacaq, iki il bundan əvvəl özünün fəhləlik edib qazandığı pulla bu həyətdə mənim 50 illik yubileyimi təmtəraqla keçirtdi. Belə oğulu necə unudum?! Ancaq qəddimi şax tutmuşam. Biz şəhid verməyə öyrəncəliyik. Bir əmim oğlu da Rəfail Abdinov 10 il bundan əvvəl şəhid oldu. Hüseyni gətirən əsgərlərdən, zabitlərdən oğlumun necə yaralandığını, necə öldüyünü soruşdum. Dedilər ki, səngərdə əvvəlcə başının sol tərəfindən güllə keçib, boynunu sıyırıb. Lakin yixilmayıb. Ayağa durub, silahini alıb döyüşməyə başlayıb. Bir az keçmiş isə düşmənin atdığı güllə sol qolunun altından keçərək kürəyindən çıxıb. Ağdamın yaxınlığındakı N saylı xəstəxanaya çatdırılandan 20 dəqiqə sonra keçinib. Son sözü: "Atama deyin narahat olmasın..."- olub.

Ağdamdı , xam yeridi,
Vətəndi can yeridi.
Qolumdan güllə dəydi,
Solumdan qan yeridi.

Durna sanınnan keçər,
Ötər, yanınnan keçər.
İgid vətən yolunda,
Ölər, canından keçər.

Dayısı, əmiləri də çox xatirələr danışdılar. Dedilər ki, bu balaca cılız qəhrəmanın qəlbində nə qədər həyat eşqi var imiş... Hətta əsgər gedəndə dayısına deyib ki, gəlib evimizi tikib bitirəcəyəm. Onu yola salmaq üçün qurulan məclisdə isə "Cütçü" oynayıb. Özü də ki, elə oynayıb ki, qohumların çoxu onun bu rəqsinə heyran qalıb... Atası Etibar isə neçə il bundan əvvəl oğlu üçün əlavə ev tikməyə başlayıb. Evi tikib bitirib, içərisinə gəlin gətirəcəkdilər... Etibarın olan qalan bir oğlu var idi... Onn Vətən uğrunda qazandığı medalına sahib oldu... Bu həyətdə toy çalmaq istəyirdilər... bütün atalar-analar kimi... Allah ermənini, ona zəhər verən kərtənkələlərin evini yıxsın... neçə-neçə arzu kamı gözdə qoydular. Oğul Vətənin keşiyini çəkmək üçün doğulur, oğul Vətən, Vətən oğul əmanəti deyillər... Nə yazıqlar olsun ki, 18-19 yaşlı balalarımızı cəbhəyə aparanda, onların bir çox ailələrdə tək olmasını nəzərə almırlar. Ancaq nə gözəl ki, vətən uğrunda, torpaq, bayraq uğrunda şəhid olmaq da hər kəsin taleyinə yazılmır. Bizim son 1 həftədə canından keçən balalrımız bu Vətən uğrunda ölməyi bacardılar. Həm Vətənimizə, həm ailələrinə, həm nəsillərinə şərəf gətirdilər. Qonşular dedilər ki, çox kasıb yaşayan Abdinovlar ailəsi həyət bacanın, evlərinin bərbadlığından xəcalət çəkirmişlər. Lakin Tanrı bu ailəni elə şərfləndirdi ki... Xəcaləti Azərbaycanda uşaqlarını hərbdən yayındırıb qaçırdanlar, müharibə qurtarmayınca xaricdə işlədənlər, oxudanlar, göyərdənlər, yekəldənlər, şişirdənlər, qudurdanlar çəksinlər. Onlara belə şərəf - Vətən qeyrəti çəkmək şərəfi, o uca ŞƏHİD adına yüksəlmək şərəfi heç vaxt qismət olmayacaq!!! Onlar utansınlar!!!

Dağların şaxta, qarı,
Dörd yanı oldu barı.
Kasıb balası şəhid
Kəsilsin qaydaları.


P.S: Sonda Hüseynovlar ailəsi bir istəkdə bulundular. Dedilər ki, dövlətimizdən bir xahişləri var: Hüseyn Abdinovun təhsil aldığı 43 saylı məktəbə Hüseynin adını versələr, bu məktəblilərin və məktəbin tarixinə yazılar. Uşaqlarımızda Vətənpərvərlik hissini artırar. Və yaxud da 100 ildir "Stansiya Sumqayıt " adlanın qəsəbənin adını "Hüseynoba", "Hüseynabad" qoysalar, bu yerlərin əhalisi də fəxarət duyar. Çünki, Hüseyn Abdinov bir evdən deyil, bir eldən gedən oğuldur!!!

Aida EYVAZLI






image description image description image description image description image description image description image description