“Elə danışırlar, sanki bura Hondurasdır” – İcra başçısı

"Bu torpaqlarının hər qarışı bizim qəhrəman övladlarımızın qanı ilə suvarılıb. Çox təəssüf ki, cəbhədəki son hadisələrlə bağlı döyüşlərdə iştirak etməyən, ordu haqqında heç bir təsəvvürü olmayan, səngər görməyən, bir dəfə də olsun cəbhəyə gəlməyən insanlar elə yanlış məlumatlar yayırlar. Bununla da əhali arasında qeyri-normal atmosfer yaradırlar".


AzNews.az-ın məlumatına görə, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, keçmiş döyüşçü Eyvaz Hüseynov deyib. O bildirib ki, KİV və vətəndaş cəmiyyətinin nümayəndələri cəbhə bölgəsinə tez-tez gəlib, burdakı vəziyyətlə tanış olub, reallığı görməlidir və düzgün informasiyanı cəmiyyətə çatdırmalıdır: "Son zamanlar Azərbaycan Ordusunda daha da yaxşı dəyişikliklər və bunun da nəticəsində böyük inkişaf var. Hazırda ordumuz işğal altındakı torpaqlarımızı azad etmək iqtidarında və qətiyyətindədir. İnanıram ki, tezliklə torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandan tərəfindən əmr veriləcək. Bu həm də xalqın istəyidir".

E. Hüseynov qeyd edib ki, son günlər bir neçə şəhidimizin yas mərasimində iştirak ediblər: "Heç bir şəhid ailəsi övladının şəhidliyi üçün az da olsa təəssüf hissi keçirmir. Hamı arxayın olsun ki, itkilərimizin hər birinin əvəzi 5-10 qat çıxılır. Bizim şəhidlərimizin ruhu o zaman şad olacaq ki, bütün torpaqlarımızı ermənilərdən alaq. Biz çalışmalıyıq ki, onların uğrunda şəhid olduqları məqsədlərini həyata keçirək, üçrəngli bayrağınızı Qarabağın bütün şəhərlərində sancaq. Bəzən Qarabağdan elə danışırlar ki, elə bil bura Hondurasdır. Qarabağ bizimdir, bu səngərlər bizimdir, orada dayanan səngərlər bizimdir. Bizim ziyalı insanların, mətbuatın, sıravi vətəndaşların bunu bilməməsi ayıbdır. Qəhrəman oğullarımız isə şəhid olmaqla vətəni bizə sevdiriblər. Biz torpağın qədrini bilməmiş ona Vətən kimi yox, torpaq kimi baxırdıq. 20 mindən çox şəhidimizə görə biz Vətənimizi sevib onun uğrunda döyüşmək istəyirik. Son günlər cəbhədə şəhid olan əsgərlərimiz cəmiyyətdə oyanış yaratdılar. Şəhidlərimizin ən böyük xidmətlərindən biri də bu oldu".

Ramil Məmmədli - Beyləqan
AzNews.az