Təhsil Nazirliyi Beynəlxalq Universitetlə bağlı 17 sorğunu cavablandırıb

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə bu ilin iyul ayında 2385, avqust ayında isə 1196 müraciət daxil olub. Nazirlikdən verilən məlumata görə, sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Sorğuların əksəriyyətində müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, vaxtından əvvəl I sinifə şagird qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, şəhadətnamə və attestatların verilməsi ilə əlaqədar məsələlər əksini tapıb.

Ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu üzrə 1579, vaxtından əvvəl I sinifə qəbul üzrə 231, xaricdə təhsil üzrə 218, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması üzrə 57, müəllimlərin əmək haqqının hesablanması ilə bağlı 43, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 17 sorğu cavablandırılıb. Bir sıra müraciətlərdə ümumi təhsil, ali və orta ixtisas təhsil müəssisələrindəki problemlərdən bəhs olunub. Bu qəbildən olan 17 müraciət əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

İyul ayında "Qaynar xətt" xidmətinə daxil olan şikayət xarakterli müraciətlərin 2-si Bakı, hər birindən 1 müraciət olmaqla Gəncə və Sumqayıt şəhərləri, hər birindən 1 müraciət olmaqla Abşeron, Hacıqabul, Kəlbəcər, Şamaxı, Şəki, Quba, Göyçay, İmişli, Bərdə, Neftçala və Masallı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olub.

Ali və orta ixtisas təhsili müəssisələrindəki nöqsanlara dair müraciətlərdə imtahan nəticələrindən narazılıq, diplomların məzunlara verilməsinin gecikdirilməsi, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əks olunub.

Avqust ayında daxil olan müraciətlərin 163-ü ümumi təhsil məktəblərinin fəaliyyəti, 668-i müəllimlərin işə qəbulu, 177-si I sinifə vaxtından əvvəl şagird qəbulu, 59-u xaricdə təhsil, 43-ü ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, 24-ü subbakalavr, bakalavr və magistr təhsili və 45-i isə müxtəlif digər məsələlərlə əlaqədardır.

Ötən ay baxılan 17 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, ümumi təhsil məktəbləri ilə əlaqədar Bakıdan 5, Sumqayıtdan 3, Abşeron rayonundan 2, Saatlı rayonundan 1 şikayət məzmunlu müraciət daxil olub.

Ali və orta ixtisas təhsili müəssisələrindən 6 müraciət qəbul edilib. Onlardan 3-ü dövlət, 2-si özəl, 1-i isə orta ixtisas təhsili müəssisəsi ilə əlaqədardır. Daxil olan bütün müraciətlər müvafiq struktur bölmələr tərəfindən araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb. Bu aylar ərzində qəbul edilmiş şikayət xarakterli müraciətlərin əksəriyyətinin araşdırılması zamanı onların anonim olduğu müəyyən edilib.

E.Əlosmanqızı
AzNews.az