“Üç dəfə kliniki ölüm keçirdim”- Xədicə

Aparıcı Xədicə Sənanqızı xəstəliyindən danışıb. AzNews.az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl “Zərif qəhrəman” verilişinin qonağı olan aparıcı həyatının ən ağır anlarını belə xatırlayıb:


"Çox güclü qadınam. Kənardan baxanda heç vaxt belə deməzsən. Bir kişinin çəkəcəyi ağırlığı görürəm. On il əvvəl çətin günlər keçirdim. Həyatımın 3 ilini ağır xəstəliklə mübarizə apardım. Üç dəfə kliniki ölüm keçirdim. Depressiyada idim. Moskvada bir psixoloqla yazışdım, inanmırdı ki, bu halı keçirən qadın ayaq üstədir. Bugünkü Xədicə ilə on il əvvəlkinin müqayisəsində Allaha şükür edirəm. Ölmədim, sağ qaldım... Amma xəstəxanada olanda deyirdim ki, bu cür yaşamaqdansa, ölmək yaxşıdır. İstəmirdim acınacaqlı vəziyyətə düşüm. Üç aydan çox reanimasiyada qaldım. Özü də yeni ailə qurmuşdum. Qəfildən həyatım 180 dərəcə dəyişdi. Hər gün saatımı sayırdım ki, nə vaxt öləcəm. Bir reanimasiya otağı mənə ayrılmışdı. Qalxa, hərəkət edə bilmirdim. Ancaq əllərimlə başımı tərpədirdim. Sənət adamlarından tutmuş, adi insanlara qədər hamı yanıma gəlirdi, otağım çiçək mağazasına çevrilmişdi. Elə olurdu ki, mənə gündə 2 litr qan köçürürdülər, hara gedirdi, bilinmirdi. Tanımadığım insanlar gəlib qan verirdi. Xəstəliyim sağalandan sonra isə 8 ay yeriməyi öyrəndim, ayağa qalxa bilmirdim. İnsan duz – çörək yesin, amma sağlam olsun. İndi günəşi görürəm, səhər oyanıram, şükür edirəm".

Uğursuz ailə həyatından danışan X.Sənanqızı itirdiyi övladından bəhs edib:

"O münasibəti sürdürmək istəmədim, zaman keçdikcə biz dost olduq. İstəmədim özümü aldadım. Niyə kiməsə deyim ailəliyəm, amma həqiqətdə ayrı yaşayaq? O da, mən də öz həyatımızı quraq. İndi çox şükür hər şeyim var. Arzum budur ki, ana olum. Bu, hər bir xanımın istəyidir. Həyatda çox mübarizə aparmşam. Allah məni qoruyur. Mən övlad duyğusunu da hiss etdim. Allah onu da mənə yetirdi, amma sona kimi vermədi. O hadisədən sonra da depressiyaya düşdüm. Sonra anladım ki, yəqin belə məsləhət imiş. Bəlkə övladım doğulsa, problemli olacaqdı. Onun dərdinə dözə bilməzdim".

AzNews.az