Afaq Məsud Anara qalib gəldi – Bina əldən çıxdı

Azərbaycan Yazıçılar Birliyinin balansında olan Nərimanov rayonu, Şahin Mustafayev küçəsindəki Tərcümə Mərkəzinin binası ətrafında yaranmış mübahisələrə son qoyulub.




Xatırlayırsınızsa, bir müddət öncə mətbuatda belə məlumatlar yayılmışdı ki, Afaq Məsud Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq, AYB-yə aid binadakı müdir otağından çıxmır. Bu isə A.Məsuddan sonra həmin mərkəzin müdiri vəziifəsinə təyin olunmuş şair Səlim Babullaoğlunun narazılığına səbəb olmuşdu. O zaman məsələyə AYB sədri Anar da qarışaraq belə bir açıqlama vermişdi ki, problemi yoluna qoymağa çalışır. A.Məsud isə buna cavabında "Mən otaqdan çıxmayacam. Biz öz yerimizdə oturmuşuq" deyirdi.

AzNews.az xəbər verir ki, "AzerFax"(AFA) bu mübahisənin hansı nəticə verdiyini araşdırıb. Məlum olub ki, AYB-nin balansında olmuş Nərimanov rayonu ərazisindəki Tərcümə Mərkəzinin binası A.Məsudun rəhbərlik etditi NK yanında Tərcümə Mərkəzinə verilib. Məlumata görə, A.Məsud ciddi cəhdlə binanın AYB-dən alınmasına çalışıb və nəticədə öz istəyinə nail olub.

Bina rəsmən A.Məsudun direktoru olduğu mərkəzə veriləndən sonra isə orada təmir işlərinə başlanılıb. Binada yerləşən digər təşkilatlar və qəzet redaksiyaları oradakı otaqlarını təhvil verməli olublar. "525-ci" qəzet də bir müddətdir ki, yeni ofisdə fəaliyyət göstərir.

Afaq Məsud prezident İlham Əliyevin 16 may 2014-cü il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Bundan əvvəl isə Azərbaycan Yazışılar Birliyinin Tərcümə Mərkəzinə rəhbərlik edib.

AzNews.az