Azərbaycanda partiya sədrinə istefa TƏLƏBİ

"Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı Elçin Manafov dərhal istefa verməlidir".



AzNews.az xəbər verir ki, bu bəyanatla AİP Mətbuat Xidmətinin sabiq rəhbəri, ilahiyyatçı-jurnalist Cavid Cabbarlı çıxış edib.

O, E.Manafovla normal münasibətlərinin olduğunu desə də, onun partiya rəhbərliyi üçün yetkili şəxs olmadığını iddia edib: "Hacı Elçini 1997-ci ilin əvvəllərindən tanıyıram. indi də, çox mömin, təqvalı, təvazökar şəxs kimi yaddaşımda qalır. İllərlə onun imam-camaatlığı ilə namaz qılmışam. Səmimiliyi heç zaman məndə şübhə oyatmayıb. Kimsə "10 möminin adını çək" desə, Hacı Elçinin adını ilk beşlikdə qeyd edərəm. Amma bu göstəricilər əziz qardaşım Hacı Elçin Manafovun siyasi təşkilata rəhbərlik etməsi üçün yetərli deyil.

Səbəb: Son 11 ildə Azərbaycan İslam Partiyası (AİP) ətrafında baş verən hadisələr çox yaxşı yadımdadır. 2012-ci ilin may ayına qədər AİP-də müxtəlif görəvlərdə çalışmışam. 11 il ərzində AİP-də 4 sədrlə işləmişəm. Görkəmli din alimi dəyərli şəxsiyyət mərhum Hacı Müzəffər də bir müddət AİP-ə rəhbərlik edib. Onu da deyim ki, Azərbaycanda heç bir siyasi təşkilatda bu göstərici olmayıb. Burda bir neçə cümlə ilə dediklərimi və min cümlələrlə demək istəmədiyim faktları nəzərə alıb bu qənaətə gəlirəm ki, AİP indiki vəziyyətə heç bir zaman düşməyib. Əslində, ölkədəki ictimai-siyasi vəziyyət ürəkaçan deyil. Demək olar ki, korrupsioner hakimiyyət bütün siyasi təşkilatların ictimai təsir imkanlarını və nüfuzunu sıfra endirə bilib. İndi də hakimiyyət yırtıcı siyasətini kütləvi həbslərlə davam edir.

Bu faktlar təbii ki, AİP-dən də yan keçməyib. Heç bir siyasi təşkilatın AİP qədər siyasi məhbusu yoxdur. Digər partiya üzvləri bir neçə il azadlıqdan məhrum edilirsə, AİP-in üzvləri 11-12 il məhbus həyatına məhkum olunur. Heç bir siyasi təşkilatın sədri həbsdə deyil. Heç bir siyasi təşkilatın müavini günahsız yerə həbs olunub dəmir barmaqlar arxasında canını fəda etməyib. Heç bir siyasi təşkilatın şəhidi yoxdur. Amma AİP sədri Hacı Mövsüm Səmədov müavinləri ilə birlikdə təqribən 76 il azadlıqdan məhrum edilib".

C.Cabbarlının sözlərinə görə, 17 sentyabr 2014-cü il tarixdə Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin "Azərbaycanda demokratiyanın vəziyyəti" mövzusunda təşkil olunmuş konfransı ən azı siyasilərin və mətbuat nümayəndələrinin diqqətindədir: "AİP rəhbəri kimi əziz qardaşım Hacı Elçin Manafov çıxış etdi. Daha doğrusu, özündən əvvəlkilərin çıxışını təkrarladı. İslamçıların adından danışan Hacı göstərdi ki, İslam hüzür məclisində bir neçə rəvayəti kağızdan oxumaqdan başqa bir şey deyil".

Bununla yanaşı, ilahiyyatçı partiya sədrini cəsarətsizlikdə ittiham edib: "Keçmişində hər bir addımı ilə qürrələnə bilən bir partiya rəhbərinin cəsarətsiz davranışı, bərbad kadr siyasəti uzun illər ömürlərini məhbəslərdə çürüdənlərə xəyanət deyilmi? Özü və qovluğundan başqa heç kimi olmayan bəzi partiya sədrləri qarşısında iki cümləni deyə bilməyən əziz Hacı ELçin Manafov hansı haqla ölkədə zəngin keçmişə sahib olan, şəhidlər verən bir təşkilata rəhbərlik edir? Belə bir təşkilatı gülüş hədəfinə çevirən Hacı qardaşım, görəsən, az da olsa, narahat oldumu? İnanmıram. Elə inanmadığım üçün əziz qardaşım Hacı Elçin Manafova təklif edirəm ki, tutduğu vəzifədən istefa versin. Onun üçün ən yaxşı seçim istefadır. Ümid edirəm ki, əziz qardaşım Hacı Elçin təklifimi səmimi qəbul edəcək!"