Bakı Dövlət Universiteti professor, şərqşünas alim Aida Qasımova elm adamları arasında qalmaqal yaradacaq iddia ilə çıxış edib. Bakı Dövlət Universiteti professor, şərqşünas alim Aida Qasımova elm adamları arasında qalmaqal yaradacaq iddia ilə çıxış edib.

“Gövhər Baxşəliyevanın kitabı başdan-ayağa plagiatdir” – Alim qalmaqalı

Bakı Dövlət Universiteti professor, şərqşünas alim Aida Qasımova elm adamları arasında qalmaqal yaradacaq iddia ilə çıxış edib.


Onun fikrincə, filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın iki cildlik "Məqalələr, məruzələr, müsahibələr" kitabı plagiatdır.
Aida Qasımova iddialarını əsaslandıran məqalə yazaraq, AzNews.az-ın redaksiyasına göndərib. Həmin məqaləni təqdim edirik:


AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın iki cildlik "Məqalələr, məruzələr, müsahibələr" (Bakı, 2011) toplusunun birinci cildindəki "Poetiçeskie osobennosti arabskoy literaturı VIII-IX vekov" (səh.244-252) məqaləsini oxuyarkən institut direktoru olan bir alimin bu qədər məsuliyyətsiz bir yazı sərgiləməsinə təəccüb etdim. Söhbəti uzatmayacam. Facebook səhifəmdə bu barədə yazmışam. Elə həmin yazını biz az genişləndirib, AzNews.az vasitəsilə oxuculara çatdırmaq istəyirəm.
"Poetiçeskie osobennosti arabskoy literaturı VIII-IX vekov" yazısı başdan-ayağa I. Filştinskidən, B. Şidfardan və A. Kudelindən plagiatdır. "Müəllif" plagiat faktını pərdələmək üçün arada ərəb şeir divanlarından "misallar gətirir". Amma onun gətirdiyi misallar və tərcümələr də hamısı Filştinski və Şidfarın birgə yazdığı "Ocerk arabo-musulmanskoy kulturı" (1971-ci il nəşri) kitabındandır.
Məqalənin ilk səhifə yarımı I.Fiştinskinin "Arabskaya klassiçeskaya literatura" kitabının (1965-ci il nəşri) 141-143-cü səhifələrindən plagiatdır. Düzdür, bir yerdə "raznorodnoye" dəyişib "raznoobraznıy" olub, amma fakt faktdır. Baxmayaraq ki, Filştinski 1978 və 1991-ci il nəşrləri olan başqa kitablarında bu mövzuya yenidən qayıdıb, bəzi dəyişikliklər edib, bəzi hissələri genişləndirib, Gövhər xanım həmin 1965-ci il nəşrini necə var, elə də köçürüb.
Sonrakı beş səhifə yarım I.Filştinski və B.Şidfarın birgə yazdığı "Ocerk arabo-musulmanskoy kulturı" (1971-ci il nəşri) kitabının 203-207-ci səhifələrindən plagiatdır. Ən amansız oğurluq məhz bu kiçik, amma dəyərli kitabdandır. "Müəllif" qəddarcasına ərəb dilindən rus dilinə tərcümələri də öz adına çıxıb, sonra da ərəb şairlərinin divanlarına "istinad" verib və ağlına gələn səhifəni yazıb.


Sonrakı iki səhifə isə A.Kudelinin "Srednevekovaya arabskaya poetika"sından (1983-cü il) plagiatdır. Gövhər xanım A. Kudelinin uzun-uzadı araşdırmadan hasil etdiyi şəxsi mülahizələrini öz qənaəti kimi təqdim edib.
Bütün məsuliyyəti ilə deyirəm ki, bu yazıda "müəllif"in özünə aid bir cümlə belə yoxdur.

İndi gələk istinadlara. Dediyim kimi, "əsər" üç kitabdan plagiatdır. Qəribədir ki, xanım bir yerdə belə istifadə etdiyi bu kitablara heç olmasa düzgün istinad belə verməyib. Bunun səbəbini bir Allah bilir, bir Gövhər xanım, bir də xəyanətkar qələm.
Bütün məsuliyyəti ilə deyirəm ki, "məqalə"dəki 15 istinadın 15-i də yalandır. Yazının plagiatlığı bir yana, heç olmasa istinadlar hissəsi düzgün ola bilərdi. İstinadlar göstərilən ədəbiyyata və səhifələrə uyğun gəlmir. Sivil dünyada bir alim bircə istinadı səhv edəndə elmi ictimaiyyətdən üzr istəyir.

Bir səhifə yarım köçürmədən sonra deputat xanım qəflətən Filştinskinin başqa bir kitabına – 1978-ci il nəşri olan "Arabskaya literatura v sredniye veka" kitabına qeyri-adi, özü də abzasın ortasında bir istinad verir. Halbuki, həmin göstərdiyi kitabdakı səhifədə söhbət konkret olaraq Əbu Təmmamın poeziyasından gedir. Əgər o, bir-iki səhifə əvvələ nəzər salsaydı, elə oxşar mətnləri görərdi. "Müəllif", dediyim kimi, əvvəlki səhifə yarımı Filştinskinin 1965-ci il nəşrindən heç bir istinad vermədən plagiat edib. Elmi ədəbiyyatda bu hissə birbaşa istinad kimi dırnaq içərisində verilməli idi. Amma "əsərdə" başqalarının yazdığından istifadə qanun-qaydasına riayət olunsaydı, onda məqalə elə başdan ayağa dırnaq içərisində yazılmalı idi.


Bütün məsuliyyəti ilə, əlimdəki faktlara əsaslanaraq bildirirəm ki, bu məqalədə dırnaqsız yazıla biləcək, "müəllif"in özünə məxsus bir cümlə belə yoxdur. Hətta dırnaqsız istinad, yəni hər hansı bir müəllifin fikir və qənaətlərini öz sözləri ilə ifadə edib həmin müəllifin əsərinə diqqət yönəltmək də yoxdur. Yəni yazı elə əvvəldən axıra dırnaq içərisində yazılası birbaşa istinaddır.


Dediyim kimi, məqalənin ikinci səhifəsinin ortasından, yəni kitabın 245-ci səhifəsindən düz 250-ci səhifəsinədək birnəfəsə I.Filştinski və B.Şidfarın birgə yazdığı "Ocerk arabo-musulmanskoy kulturı" (1971-ci il nəşri) kitabının 203-207-ci səhifələri köçürülüb. Bu hissədə Gövhər xanım cəmi bir dəfə, səh.245-də həmin kitaba istinad verir, onda da səhifəni düz göstərmir. Onun göstərdiyi səhifədə isə söhbət müsəlman mədəniyyətinin Avropa mədəniyyətinə təsirindən gedir.
Bu beş səhifədə Gövhər xanım lap ağını çıxarıb. Belə olmaz axı... Camaat şeir divanlarını oxuyur, misallar seçir, tərcümələr edir, bir başqası da onların yazdığını köçürür, sonra da Əbu Nüvas, Divan, Beyrut, səhifə filan yazır, və dərd burasıdır ki, həmin səhifəni də düz yazmır. Və yaxud, B. Şidfarın "Obraznaya sistema arabskoy klassiçeskoy literaturı" adlı kitabının indeks hissəsinə, bəli indeks hissəsinə istinad verir. Şidfarın həmin kitabı bu yazıda əks olunmayıb. Heç olmasa, yalandan istinad veriləndə, indeks hissəsinə yox, elə poetika ilə bağlı maraqlı hissələrə müraciət edilə bilərdi.

Ədəbiyyat siyahısını gücləndirmək üçün Gövhər xanım axırda, özü də Kudelindən köçürdüyü hissədə akademik İ. Kraçkovskiyə də "istinad edir". Özü də Kraçkovskinin birinci cildinə. Onun guya "müraciət etdiyi" səhifə I.Kraçkovskinin Girqasa həsr etdiyi oçerkdir və orada poetika məsələsi yoxdur. Müəllif heç olmasa, Kraçkovskinin birinci cildinin ərəb əlyazmalarına həsr olunmasından xəbərdar olmalı idi. Az-çox savadı olan magistrlər də bilir ki, poetika məsələləri üçün Kraçkovskinin 2-ci və 6-cı cildlərinə müraciət olunmalıdır. G. Baxşəliyeva I. Filştinskinin "Arabskaya Poetika Srednix Vekov" (M.1975) adlı mövcud olmayan bir kitabını da "kəşf edib" istinad verib.
Mən bu yazını yazmaya da bilərdim, və yaxud başqaları kimi, "əşi nə işimə qalıb", deyərdim, amma yazmaya bilmədim, çünki, bu nümunə olduqca zərərlidir və startda balaca gövhərlər də dayanıb. Həm də, dinimizə görə, bir rəzaləti görüb susanlar lal şeytanlardır.

Bu yazı ilə bağlı qeyd etdiyim plagiat faktlarını istənilən zaman maraqlanan şəxslərə təqdim etməyə hazıram".

Redaksiyadan: Məsələ ilə bağlı Gövhər Baxşəliyevanın fikirlərini öyrənmək istədik. Lakin o, vaxtının olmadığını bildirdi. Buna baxmayaraq, müəllifin cavab haqqını tanıdığımızı bəyan edirik.
image description image description image description image description