Nazirlik araşdırma aparıb

Bakının 8 rayonunda hər birinin sahəsi 200 kv. metrdən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tullantı sahələri Bakının Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ rayonlarında müəyyənləşdirilib. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib.

Artıq qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və "Təmiz Şəhər" ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmasına başlanıb.

Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 50 min ton, Xəzər rayonunda isə 10 min tona yaxın tullantının Balaxanı poliqonuna daşınması təmin edilib: "Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilir".

Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı işlər aparılır.

İlkin
AzNews.az