Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi toplandı

Bu gün Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. AzNews.az yap.org.az saytına istinadən xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov əvvəlcə yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verib.

Bildirilib ki, hesabat dövründə komitə məhsuldar işləmiş, keçirilən iclaslarda müzakirə olunmuş dörd qanun layihəsi Milli Məclisdə qəbul edilib. Həmçinin vətəndaşların müraciətlərinə baxılmış və onlara lazımı kömək göstərilib.

Komitənin payız sessiyasında da gərgin işləyəcəyini vurğulayan Z.Əsgərov demişdir ki, payız sessiyasının qanunvericilik işlər planına "Hərbi qulluqçuların statusu haqqında" və "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihələri daxil olunub.

Hər iki qanun layihəsi müvafiq qurumlarda müzakirə edilmiş və alınmış rəylər əsasında təkmilləşdirilib.Müzakirələr zamanı komitə üzvləri qanun layihələri barədə rəy və təkliflərini bildirmiş, sənədlərin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində hərbçilərimizin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapıb. Sonda komitənin payız sessiyasının qanunvericilik işlər planı təsdiq edilib.

AzNews.az