“Medi Sina” klinikasında əməliyyat zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını dəyişmiş Elnarə Tofiqqızının həyat yoldaşı axar. az satının baş redaktoru Anar Niftəliyev Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb. “Medi Sina” klinikasında əməliyyat zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını dəyişmiş Elnarə Tofiqqızının həyat yoldaşı axar. az satının baş redaktoru Anar Niftəliyev Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

Baş redaktor Usubovdan kömək istədi: “Dərdimi dinləsəniz...”

“Medi Sina” klinikasında əməliyyat zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını dəyişmiş Elnarə Tofiqqızının həyat yoldaşı axar. az satının baş redaktoru Anar Niftəliyev Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.



Müaraciətin tam mətnini təqdim edirik:

"Hörmətli cənab nazir!

Həyat yoldaşım, BSU-nun dekanı olmuş tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) "Medi Sina" klinikasında əməliyyat zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını dəyişməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işində əməliyyatda iştirak edən assistent, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ümumi cərrahiyyə şöbəsinin həkimi Fərəculla Sədulla oğlu İdrisovun əməlində dələduzluğa cəhd şübhəsi olduğundan, araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərildi.

Məlumat üçün deyim ki, F.İdrisov bu əməliyyata heç bir zəruri ehtiyac olmadığı halda, bizi əməliyyata sövq etmiş və əməliyyatın uğurlu keçəcəyinə tam təminat vermişdi. Bunun qarşılığında isə mən ona əməliyyatda assistent kimi iştirak etməyi və beləliklə, bütün məsuliyyəti üzərinə götürməsini təklif etmişdim. Ümumi cərrah olan F.İdrisovun həyat yoldaşımın süd vəzi kanalının popilloması deyilən onkoloji əməliyyatında iştirakının səbəbi yalnız budur. Başqa ümumi cərrah hansı əsasla onkoloji əməliyyatda iştirak edə bilərdi?

Əməliyyatdan sonra isə məlum oldu ki, F.İdrisov ona olan etibarımızdan sui-istifadə edərək, tamah məqsədi ilə bu əməliyyatın keçirilməsinə bizi təhrik edib. Belə ki, məndən klinikaya köçürülməsi üçün 1000 manat gərəkdiyini (bura müayinə, müalicə, özünə aid olan zəhməthaqqı və s. xərclər aid deyil) desə və razılaşsaq da, sonradan "Media Sina" klinikasının baş həkimi Abbas Bağırov əməliyyat üçün klinikaya cəmi 150 manat pul köçürülməsi barədə razılaşdıqlarını dedi. Beləliklə, F.İdrisov onkoloji əməliyyat aparılması üçün Səhiyyə Nazirliyindən lisenziya almayan bir xəstəxanada yalnız tamah məqsədi ilə bu əməliyyatın keçirilməsini təşkil edib.

Ona görə də Bakı Şəhər Prokurorluğu ittiham elan olunan anestezioloqun işini Nəsimi Rayon Məhkəməsinə göndərərkən, dələduzluğa cəhddə şübhəli olan assistent Fərəculla İdrisovun barəsində araşdırılma aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət göndərdi.

Hörmətli cənab nazir!
Ölkəmizdə kifayət qədər səs-küylü cinayətlərdən sayılan və il yarımdır ictimaiyyətin diqqətində olan bu cinayət işinin daha bir istiqamət üzrə araşdırılması üçün polis orqanlarına göndərilməsinin işin ədalətli həllinə böyük töhfə verəcəyinə qətiyyətlə əmin idim. Cinayət işi başlayarkən həm Nəsimi Rayon Prokurorluğunda aparılan istintaq, həm də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bütün vasitələrlə anestezioloq istisna olmaqla, digər həkimlərin məsuliyyətdən azad edilməsi üçün əllərindən gələni etmişdilər. Halbuki Səhiyyə Nazirliyinin baş onkoloq və anestezioloqunun bu əməliyyatın keçirilməsində bütün tibb personalının ciddi məsuliyyətsizliyə və səhlənkarlığa yol verdiyi barədə rəsmi məktubu həm cinayət işinin aparıldığı Nəsimi Rayon Prokurorluğuna, həm də zərərçəkən kimi mənə göndərilmişdi. Nəhayət, Baş Prokurorluğun, xüsusilə hörmətli Rüstəm Usubovun müdaxiləsindən sonra işin ədalətli araşdırılması yönündə ciddi addımlar atıldı və Bakı Şəhər Prokurorluğu (müstəntiq Vaqif Süleymanov) cinayət işinin ədalətli araşdırılması üçün müsbət cəhdlər etdi.

Bu baxımdan F.İdrisov barədə araşdırılma aparılması üçün polis orqanlarına göndərilən işin obyektiv araşdırılacağına və daha bir prosesdə ədalətin bərpa ediləcəyinə şübhə etmirdim. Ən azı ona görə ki, Sizin vətəndaş şikayətlərinə necə həssas yanaşdığınızı və ictimai nüfuzunuzun miqyasını bilirəm. Dəfələrlə müşahidə etdiyim üçün tam səmimi olaraq deyirəm ki, Siz hər hansı narahatlığa xüsusi həssaslıqla yanaşan nazir olduğunuz üçün polis sistemindən əminliyimiz var və hesab edirik ki, bu mürəkkəb, vətəndaşlarla daim təmasda olduğundan, daim də diqqət mərkəzində olan qurumda Sizin həssaslığınız və peşəkarlığınız sayəsində yaranan bu əminliyimizi kimsə zədələməyə cəsarət etməz.

Hörmətli cənab nazir!
Təəssüf ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Elvin Əsgərov işdə adı keçən şahidlərin ifadəsini almadan, üzləşdirmə aparmadan tələm-tələsik bu işə xitam verdi. Həkim Fərəculla İdrisov istintaqa yalan ifadələr verdiyini Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə şahid kimi dindirilərkən özü etiraf etdi və onun bu sözləri protokollaşdırıldı. Hazırda istintaqı hansı səbəbdən aldatdığının araşdırılması üçün vəsatətimizi Nəsimi Rayon Məhkəməsinə təqdim etmişik. İstintaqa, polisə, məhkəməyə bir-birinin ardınca yalan ifadələr verdiyini özü etiraf edən bir şəxsin işi yalnız onun ifadəsi əsas gətirilməklə, əlavə şahidlərin ifadəsi alınmadan və araşdırılma aparılmadan niyə xətm olunmalıdır?

Təbii ki, biz 22 yanvarda verilən bu xətm qərarından 22 fevral 2015-ci il tarixdə Nəsimi Rayon Prokurorluğu vasitəsilə şikayət verdik və şikayətimiz rəsmi dərkənarla qəbul edildi. Elə bütün şübhəli məqamlar da buradan başladı.

Nəsimi RPİ İstintaq şöbəsinin müdiri Oruc Əmiraslanov müraciətimizə hər hansı cavab verməmək üçün müxtəlif bəhanələr uydurmağa başladı: əvvəlcə Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsində yoxlamalar apardığı və bu səbəbdən də başının qarışıq olduğu bildirildi. Bir neçə gündən sonra isə Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-ni deyil, İstintaq şöbəsini yoxladığı qeyd olundu. Həftələrlə davam edən bu "yoxlama" bəhanəsindən sonra isə ümumiyyətlə şikayət məktubumuzla bağlı açıqlama verilmir: O.Əmiraslanov bütün vasitələrlə müraciətlərdən yayınır.

Aldığım qeyri-rəsmi məlumata görə, O.Əmiraslanov bu müddət ərzində xətm qərarını tez-tələsik Nəsimi Rayon Prokurorluğunda təsdiqlədib, hazırda isə Bakı Şəhər Prokurorluğunda təsdiqlətməkdədir. O.Əmiraslanovun iki körpə qız uşağını yetim qoyan, bir gənc ananı qətlə yetirən, bir ocağı söndürən dələduz həkimi niyə bu qədər həyəcanla müdafiə etməsi barədə yalnız bir şübhəyə yer qalır.

Hörmətli cənab nazir!
Mən hüquqi məsələlərdən az məlumatlıyam və Sizə təkcə ölkəmizin böyük nüfuza sahib nazirlərindən biri kimi deyil, həm də miqyaslı həyat təcrübəsinə, erudisiyaya malik insan, bir böyük kimi müraciət edirəm: 4 yaşlı bir körpə il yarımdır ana yolunu gözləyirsə, il yarımdır hər gecə anasını soruşursa, il yarımdır – hər gün, hər saat cəmi ikicə il gördüyü anası ilə bağlı bitib-tükənməyən xatirələr danışırsa, hər gün onun gələcəyini gözləyirsə, bu dəhşəti ona və atasına yaşadan bir dələduz necə cəzalanmaya bilər?

Mən başının üstündə Allahını görən və ədalətli olmağa çalışan insanam, cənab nazir! Heç vaxt kiminsə layiq olmadan cəza almasını istəmərəm; xüsusilə indi – bu yaşadıqlarımla ölümün çox yaxında olduğunu bir an da olsun unutmayan mənim kimi adam günahla, kiməsə şər atmaqla Allah dərgahına getməyi göz altına alarmı? Mən yalnız bu qətlə tamahına görə bais olan bir şəxsin ölkəmin qanunları ilə cəzalanmasını, həkimlik fəaliyyətindən uzaqlaşmasını və bir daha belə cinayətlə başqalarını da bədbəxt etməməsini, daha bir neçə körpəni anasız qoymamasını istəyirəm.

Hörmətli cənab nazir!
Bu cinayət işini nəzarətinizə götürməyi xahiş edirəm və əminəm ki, Sizin nəzarətiniz ədalətin təmini üçün tamamilə kifayətdir.

Əgər məni qəbul edib, dərdimi dinləsəniz, mənə həm də mənəvi baxımdan böyük təskinlik vermiş olarsınız".