Fuad Hüseynzadə Fuad Hüseynzadə

Saxta demokratlar

Fuad Hüseynzadə

Avropa Oyunları kimi mühüm beynəlxalq tədbirlər yalnız müvafiq standartlara cavab verən dövlətlərdə keçirilir. Azərbaycan Avropa Oyunlarına ev sahibliyi edəcək vəziyyətə gəlibsə, iqtidarlı-müxalifətli hər kəs bununla fəxr etməlidir.

Azərbaycanda böyük problemlər olsaydı, belə böyük tədbirlərə ev sahibliyi etməyə gücü çatmaz, heç ona bu təklif də edilməzdi.


Rəqəmlərə, təfərrüatlara varmadan sadəcə onu xatırladaq ki, idman növlərinin və iştirakçıların sayına görə Avropa Oyunları qış Olimpiya Oyunlarından daha böyükdür. Bu səviyyədə tədbirlərin təşkili üçün, adətən, ölkələrə 7-8 il vaxt tələb olunur. Halbuki Azərbaycanın bu hazırlığa cəmi iki il yarım vaxtı var idi.

Belə bir uğura imza atmağımıza görə sevinənlərlə yanaşı, təəssüf ki, uğurumuza kor olan, fürsət düşdükcə ölkəmizə qarşı qarayaxma, gözdənsalma kampaniyası aparanların da sayı yetərincədir. 2012-ci ildə Bakıda "Evrovision" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində də belə cəhdlər olmuşdu. Amma o zaman bütün dünya Azərbaycanın necə güclü, sivil bir dövlət olduğunun şahidi oldu. Azərbaycan ilk Avropa Oyunları vasitəsilə də özünü bütün dünyaya yüksək səviyyədə təqdim edəcək.

Görünür, dövlətimizin özünə əminliyi də bu qarayaxma kampaniyalarının əsas səbəbidir: Azərbaycanın inkişafı və sabitliyi, bu sabitliyi qoruyub saxlayan hakimiyyətin olması düşmənlərimizi narahat edir.

Budur, yenə də bəzi beynəlxalq təşkilatlar və Qərb KİV-ləri ölkəmizi hədəfə alıblar. Əslində bu təşkilat və KİV-lər Azərbaycanı yalnız Avropa Oyunları kimi beynəlxalq tədbirlər ərəfəsində hədəf almırlar, bu qurumlar Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin diplomatik səylərinin artmasından, ölkəmizdəki yüksək tolerantlıq mühitindən də narahatdırlar. Eyni qurumların hesabatlarında, eyni KİV-lərin materiallarında Dağlıq Qarabağ müstəqil ərazi kimi təqdim olunur, Azərbaycanı bu faktla barışdırmaq üçün "xalq diplomatiyası" təbliğ olunur. Bu "diplomatiya"nın gerçək mahiyyəti ifşa olunduqda isə Azərbaycan yeni "siyasi məhbus" siyahıları ilə şantaj olunur.

Təəssüf ki, AXCP, onun ətrafında olan bir neçə qəzet və bir neçə QHT bu proseslərdə Qərbdəki və Ermənistandakı anti-Azərbaycan dairələrin yerli nümayəndəsi kimi davranır, Qərb qurumlarını və Ermənistan mediasını yalan məlumatlarla təchiz edirlər.

Sonra da həmin yalanlar elə müxalif mediamız tərəfindən "böyük sevinclə" tirajlanır.

Əlbəttə ki, müxalif mediada verilən dezinformasiyalar ölkə ictimaiyyəti tərəfindən heç də müsbət qarşılanmır. İctimaiyyət nümayəndələri tərəfindən "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və ya sosial şəbəkələrdəki səhifələrdə bu yazıları qınayan şərhlər verilir. Lakin əksər hallarda bu şərhlər silinir.

Silinən şərhlərdən nümunələr. 1)"Sen deme C. Hesenli sabiq nazir, dovlet eleyhine cevrilishde ve korrupsiyada gunahlandirilan Ferhad Aliyevle cox yaxin munasibeti olub. Hetta o derecede olub ki, Ferhad Aliyev Cemil Hasanliye komek ederek bir nece mülkü ozelleshdirib, dovlete qarshi birleshmishler. Yaziq cebheciler, 20 qep tapmir mitinge gelsin, amma tribunada olanlar da emlak bolushur, oğlunu Londonda oxutdurur, mulkler alir. Ayilmaq vaxtidir".

2)" Ne edib Elmar Saxtaxtinki bu 20 il erzinde? Bilen var? En sade bir misal - hansi kongresmene Qarabagla bagli movqeyini catdirib, ermeni lobbisinden uzaq tutub ve ya Azerbaycan medeniyyetinden, tarixinden danisib tedbir kecirib?"

3) "Əli Kərimli özü az qala 20 ildir sedrdir, demokratiyadan dem vrurur. Əli Kərimlinin oğlu Londonda kolleci, instututunu nece illerdir hansi pulla oxutdurur?! Tebii ki partiyaya gelen pullari menimselemekle. İnsanlar ayılıb. Məni təəssüfləndirən odur ki, Sizin bu sifarişli yolunuzda onlarla gəncin həyatı bada gedir".

Məsələn, "Azadlıq" qəzetində mənim yazdığım təxminən on şərhdən 8-i silinib.

Maraqlı bir virtual macəranı jurnalistlər yəqin xatırlamamış olmazlar. İsa Qəmbərin şəxsi internet səhifəsi yaradılandan sonra şərhlər bölümü sərbəst qalmış, "Yurdçu"lar orda Müsavat başqanını aşağılayan şərhlər yerləşdirmişdi. İnsaf naminə etiraf edək: bu siyasi kuryoz mediada dönə-dönə müzakirə edilsə də, İsa Qəmbər şərhləri sildirməyi özünə rəva görməmişdi. Adam nə də olsa liberal adına iddialı idi axı. Bu ada Əli Kərimli də iddialıdır. Amma heyhat!!! 1000-ə yaxın saxta profilə sərəncam verən "liberal" bircə real şərhə dözəcək qədər demokrat ola bilmir. Dözə də bilməz. Hər halda, xaricdəki havadarları da bu şərhləri oxuyurlar. Görünür, onlara göndərdikləri yalanlarının üstünün açılmasından qorxur. İfşa isə bu yalanlara görə ödənən qrantların əldən çıxması, xarici səfərlərin və övladlarının London məsrəflərinin itirilməsi deməkdir. Merkantil maraqlar tələb edəndə isə liberalizmə tüpürmək olar. Vaxtilə hərəkatçı ideallarına və vətən maraqlarına tüpürdüyü kimi…

Publika.az