Böyrəyinin pulunu ala bilməyən qadın özünü dənizə atdı Böyrəyinin pulunu ala bilməyən qadın özünü dənizə atdı

İcra başçısı qadını intihara sövq etdi

Böyrəyinin pulunu ala bilməyən qadın özünü dənizə atdı



Bakı bulvarında intihara cəhd olub. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən günorta saatlarında saat qülləsi yaxınlığında 52 yaşlı Eleanora Cəbrayılova özünü dənizə atıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən E.Cəbrayılova dənizdən sağ-salamat çıxarılıb.

Onu özünü öldürməyə vadar edən səbəbin bir müddət əvvəl böyrəyini 50 000 dollara satması, ancaq müqabilində həmin məbləği ala bilməməsi kimi açıqlanıb.

Xatırladaq ki, Eleanora Cəbrayılova bir müddət əvvəl onu intihara sövq edən problemi ilə redaksiyamıza müraciət etmişdi. Onun sözlərinə görə, maddi sıxıntısı olduğundan böyrəyini satmaq qərarına gəlib. Bu barədə elanlar da verib. Böyrəyini 50 min manata sata biləcəyi "alıcı" da tapıb: "O, vəzifəli bir şəxsdir. Qardaşı üçün istəyirdi böyrəyi. 50 min manata danışdıq, razılaşdıq. Məni notariat kontoruna aparıb ərizə yazdırdılar ki, guya, orqanımı satdığım şəxs mənim qohumumdur, böyrəyimi ona bağışlayıram. Transplantasiya əməliyyatı İranda həyata keçirildi". Ancaq bütün bu proseslərdən sonra E. Cəbrayılovaya razılaşdırılan maliyyə vəsaiti ödənilməyib. Eleanora xanım pulunu tələb etdikdə isə ona hədə-qorxu gəlməyə başlayıblar: "Mənə dedi ki, sənin ağırlığında mənim pulum var, sən mənə heç nə edə bilməzsən. Bir get bax, sən kimsən, mən kiməm? Onsuz da şikayətlərin boşunadır. Sonra isə zənglərimə cavab vermədi". Qeyd edək ki, əməliyyat ötən ilin noyabr ayında həyata keçirilib. E. Cəbrayılova problemi ilə bağlı Bakı Şəhər Prokurorluğuna və digər bir neçə quruma müraciət edib, ancaq heç bir nəticə yoxdur: "Hər dəfə deyirlər ki, məsələni araşdırırıq. Onun vəzifəsi qarşılarını kəsir yəqin…" Qeyd edək ki, onun böyrəyini "satın alan" şəxs hazırda Azərbaycanın rayonlarının birində icra başçısdır.

İntihar etdiyi xəbəri yayılandan sonra Eleanora xanımın əlaqə nömrəsinə zəng vurduq. Ancaq zənglərə heç kim zənglərə cavab vermədi. Onunla əlaqə yaratmağa çalışcağıq.

Sevinc Fədai
AzNews.az