Xəstəxananın cərrahiyə korpusu təmirdən çıxdı

Respublika Klinik Xəstəxanasının cərrahiyyə korpusu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəstəxanada bütün şöbələr müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunub.

Reanimasiya zallarında, əməliyyat otaqlarında yaradılan şərait insanlara daha keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verir. Korpusda 11 əməliyyat otağı yerləşir. Oftalmologiya şöbəsində gözdaxili təzyiqin ölçülməsi, görmə sahəsinin təyini və göz dibinin müayinəsinə imkan verən ən müasir avadanlıq qoyulub.

Endoskopik müayinə, ultrasəs müayinəsi , kompüter tomoqrafiyası kabinetləri də ən müasir standartlara cavab verən tibbi cihaz və aparatlarla təchiz olunub.

Palatalar 2, 3 və 4 nəfərlikdir. İstirahət guşələrində pasiyentlərin istirahəti üçün şərait yaradılıb.

Sevinc Fədai
AzNews.az