O, dindarların aksiyasında xarici dövlətlərin əlinin olduğunu bildirib O, dindarların aksiyasında xarici dövlətlərin əlinin olduğunu bildirib

Hacı Sabirdən yeni “hicab qanunu” - BƏYANAT

O, dindarların aksiyasında xarici dövlətlərin əlinin olduğunu bildirib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında bir qrup şəxs tərəfindən keçirilən dini aksiyanı qəti pislədiyini bəyan edib.

QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin (BİU) rektoru Hacı Sabir Həsənli AzNews.az-a açıqlamasında deyib ki, sözügedən aksiya ilə bağlı idarənin də rəsmi bəyanatı olub. O, həmin bəyanatın hazırlanmasında iştirak etdiyini söyləyib: "Biz Təhsil Nazirliyi qarşısında bir qrup şəxs tərəfindən keçirilən dini aksiyanı pisləyirik və qınayırıq.

Çünki, bu aksiya zamanı iştirakçılar polislərə qarşı zorakılıqdan istifadə ediblər. Bu bəyənilməyən addımdır. Hicab məsələsi ilə bağlı Şeyxin də bəyanatı olub. Azərbaycanda hicaba qadağa ilə bağlı qanun yoxdur. Vahid məktəbli forması var və hər kəs də buna qanuna əməl etməlidir. Bəzən görürsən ki, valideyn azyaşlı uşağını məcburi şəkildə hicab bağlatdırır. Amma mən hesab edirəm ki, uşaqların yetkinlik yaşa çatandan sonra hicab bağlamağı məsləhətdir. Əgər bu dinc nümayiş idisə, o zaman onlar nə üçün əllərində "dəyənək"lərlə aksiyaya gəlmişdilər. Əgər kimsə ucu mismarlı taxta ilə aksiyaya gəlirsə, deməli, onun məqsədi başqadır. Bunu "hicabın müdafiəsi" adlandırmaq düzgün deyil. Hicabı qorumaq adı altında zor işlətməklə hər hansı aksiya keçirmək bəyənilməyən hərəkətdir. İndi Azərbaycanda qanunlar və heç bir qanunda din məhdudlaşdırılmayıb".

QMİ-nin sədr müavini bildirib ki, bu aksiyaların keçirilməsində və hicab məsələsinin tez-tez gündəmə gətirilməsində xarici qüvvələrin də əlinin olması istisna deyil. Onun fikrincə, bu məsələyə dövlət və QMİ rəsmi münasibət bildirsə də, kimlərsə bu məsələyə maraq göstərərək ortalığı qızışdırmağa çalışır: "Bu "hicaba azadlıq" mitinqi deyil, xüsusi hazırlanmış və sifarişli aksiya idi. Özü də bu məsələni gündəmə gətirmək istəyənlər sərhədlərimizdən kənardadırlar. Mən konkret hansı ölkənin olduğunu demək istəmirəm. Çünki, əlimdə konkret fakt mövcud deyil".

S.Həsənli vurğulayıb ki, indi Azərbaycan dindarı dövlət qanunlarından tam razıdır: "Mən 40 ildir ki, bu sahədə çalışıram. Keçmiş Sovet İttifaqı dövründə cəmi 18 məscid var idi ki, bunun da 4-ü Azərbaycandan kənarda yerləşirdi. Amma indi isə Azərbaycanda məscidlərin sayı 2 minə çatıb. Bunlardan yüzlərlə məscid dövlət başçısının bilavasitə tapşırığı ilə yenidən təmir olunub. Buna görə də əgər Azərbaycanda dövlət tərəfindən din əleyhinə hər hansı tədbirlər aparılsaydı, o zaman bu məscidlərin sayı bu qədər artmazdı. Başqa misal da çəkmək olar. Sovet dövründə Azərbaycandan maksimum 2 nəfər Həcc ziyarətinə gedə bilirdi. Amma indi isə 2000-dən çox insan Həcc ziyarətinə getməyə hazırlaşır, yüzlərlə insan isə hazır vəziyyətdə dayanıb fürsət gözləyir. Ona görə də bütün hər kəs buna dəyər verməlidir".

Xatırladaq ki, oktyabrın 5-də ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Vasif Həsənli
AzNews.az