Nazir Bakıda ölüm saçan binaların sayını açıqladı - 263

Bakıda mayın 19-da yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında deyib.

Nazir bildirib ki, yanğın barədə nazirliyə dünən saat 10.50-də məlumat daxil olub, əməliyyat saat 16.27-də başa çatıb.

Əməliyyat zamanı 27 nəfər təxliyə olunub, 37 nəfər xilas edilib, 14 cəsəd çıxarılıb.
"Təəssüf ki, xəsarət alanlardan biri də gecə xəstəxanada dünyasını dəyişib".

K. Heydərov ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb:

"Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Ölkədə isə bu qəbildən olan 263 bina var. Biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik".