Deputatlar bu il harada dincələcək? - SORĞU

Azərbaycan Milli Məclisinin daxili nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılacaq.


"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də veriləcək. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alacaqlar.

Bəs bu məvaciblərlə deputatlar tətillərini harada keçirəcək? Bununla bağlı AzNews.az millət vəkilləri arasında sorğu keçirib.


Millət vəkili Çingiz Qənizadə əsasən öz bağ evində istirahət etdiyini bildirib: "Mənim Şamaxıda Pirquluya çatmamış Nağaraxana kəndində bir balaca bağım var. Hər yay orada istirahət edirəm. Amma ola bilər ki, həyat yoldaşımla birlikdə 1 həftəlik Şimali Kiprə getdim. Əgər burada bir iş çıxmasa, hansısa tədbirlər olmasa, 1 həftəlik ölkə xaricinə çıxacağam. Azərbaycanın rayonlarına da gedə bilərik. Əsasən ölkə daxilində istirahət edəcəyik. Bu, həm maddiyyatla bağlıdır, həm də hesab edirəm ki, Azərbaycan istirahət üçün dünyanın ən gözəl yerlərindən biridir".


Milli Məclisin üzvü Sahib Alıyev isə yay tətilində Tərtərdə olacağını deyib: "Yayda Azərbaycanda olacağam. Vaxtımın çox hissəsini Tərtər rayonunda keçirəcəyəm. Amma hələ ki, istirahət üçün konkret plan qurmamışam".


Millət vəkili Kamilə Əliyeva da istirahətini övladları ilə birlikdə Azərbaycanın müxtəlif rayonlarında keçirəcək: "Mən hər zaman Azərbaycanın müxtəlif guşələrində dincəlirəm. Çünki ölkəmizin dincəlmək üçün çox gözəl təbiəti var. Onsuz da çox istirahət etməyə vaxtım olmur. 1 ay ərzində istirahət edirəm. O vaxt ərzində planlaşdırıram və hansısa rayonlara səfər edirəm. Builki məzuniyyətimdə də övladlarımla və ailəmlə birlikdə rayonlara səfər edəcəyik".


İlyas İsmayılov da dincəlmək üçün Bakı bağlarını seçəcək: "Nardaranda bağ evim var. Öz bağımda dincəlmək ən gözəlidir. Xaricə getmək haqda düşünmürəm".

Nigar ETİBAR