Azərbaycanlıların 78 faizi Euronews və BBC-ni lazımsız sayır

TELT sorğu mərkəzi Bakı sakinləri arasında sosioloji sorğu keçirərək, onların Avropa Oyunlarının yerli və xarici mediada işıqlandırılmasına münasibətini öyrənib.


AzNews.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, rəyi soruşulanların böyük əksəriyyəti – 82 faizi Avropa oyunlarını izləyir.

Respondentlərin 73 faizi açılış mərasimini Azərbaycan telekanallarından, qalanları isə əsasən Rusiya və Türkiyə telekanallarından izləyib.

"Xarici media orqanlarının oyunları işıqlandırmasından razısınızmı" sualına cavabdan bəlli olub ki, rəyi soruşulanların yalnız 17 faizi xarici mətbuat orqanlarının şərh və reaksiyasını izləyir, yerdə qalanlar isə bununla maraqlanmır.

Məlum olub ki, azərbaycanlı izləyicilər Türkiyə və Rusiya mediasının oyunlarla bağlı materiallarını obyektiv hesab edirlər, ən qərəzli və qeyri-obyektiv isə Böyük Britaniya KİV-dir. Konkret media resurslarına gəldikdə, respondentlər Euronews, BBC və Al-Jazeera telekanallarının adlarını çəkərək onların yanaşmasını mənfi qiymətləndiriblər.

Rəyi soruşulanların 78 faizi Euronews, BBC və Al-Jazeera kanallarının Azərbaycanda yayımına ehtiyac duymur və bu informasiya resurslarını azərbaycanlı auditoriya üçün lazımsız hesab edir.