- Köhnə - Cəmiyyət
- 15 İyul 2015 18:21
- 3 576
Nazirdən ünvanlı sosial yardımla bağlı açıqlama: “Heç kimin haqqı yeyilmir”

“Ünvanlı sosial yardım alan insanların sayının azalması deyəndə hər hansı vəsaitin kəsilməsindən söhbət gedə bilməz. Əksinə 1 ailəyə düşən vəsaitin həcmi qalxaraq 150 manata çatıb”.
AzNews.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O, heç kimin haqqının yeyilmədiyini vurğulayıb: "Burada kimlərinsə haqqı yeyilmir, kimlərinsə haqqı tapdalanmır. Əksinə, həqiqi ehtiyacı olanların aldığı vəsaitin məbləği artırılır. Ona görə də biz 1 ildən çox müddətdə inzibati yollarla bu məsələdə şəffaflıq yaratmağa çalışırıq. Amma təbii ki, inzibati yol əsas yol deyil".
S.Müslümovun sözlərinə görə, bununla əlaqədar nazirlikdə alt sistemin formalaşdırılması üçün prezidentin göstərişi var: "Alt sistemdə ünvanlı sosial yardıma ehtiyacı olan ailə üzvlərindən vəkalətnamə verilməsi üçün birini müəyyənləşdirəcək. Həmin şəxs üçün notariusda vəkalətnamə veriləcək. Vəkalətnamənin üstündə də barkod olacaq. Həmin kodla ailənin vəkalət almış üzvü istənilən internet bağlantısı olan nöqtədən sayta daxil olacaq. Və orada ünvanlı sosial yardım üçün müraciət edilməsi üçün ayrıca bölmə olacaq. O bölmədə vəkalətnamənin barkodunu daxil edən kimi özü haqqında informasiyaları görəcək. Çünki biz Ədliyyə Nazirliyi ilə həmin bazaları birləşdirmişik. Sonda mobil telefon nömrəsi qoyacaq. 15 gün ərzində nazirlik ailənin məlumatlarını digər orqanların məlumat resurslarından istifadə edib müqayisə edəcək, tam doğrudursa həmin ünvana sosial yardımın məbləğini müəyyən edib SMS vasitəsilə məbləğin həcmi barədə məlumatlandırılacaq. Ailə 2 il müddətində həmin məbləğdə sosial yardım alacaq".
Xatırladaq ki, Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasında prezidentİlham Əliyev ünvanlı sosial yardım alanların sayının azalması məsələsinə də toxunmuşdu. Bildirmişdi ki, ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş verib və şəffaflıq təmin olunub.
"Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20% azalıb. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız" - deyə, prezident çıxışı zamanı qeyd etmişdi.
Nigar ETİBAR