Bu tərəvəzlər ucuzlaşdı

İyun ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,7 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 14,8 və 0,1 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.




Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb.

Birillik bitkilərdən buğda, arpa, baş kələm, xiyar, pomidor, süfrə çuğunduru, baş sarımsaq, kartof, baş soğan və quru otun istehsalçı qiyməti ucuzlaşıb, yoncanın istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən albalının, alçanın, gilasın, çiyələyin istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, balın, mal, qoyun və donuz ətinin (diri çəkidə), südün, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşlarının, quş ətinin (diri çəkidə), yumurtanın istehsalçı qiyməti isə bahalaşıb.