“Noutbukumu Cahangir Əsgərov da ala bilməz” - Şairdən AZAL-a etiraz

Xəbər verdiyimiz kimi, AZAL sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan edib.


Bu barədə oğlunu Naxçıvana yola salan Bakı şəhər sakini Müşfiq Mədətov mətbuata məlumat vermişdi. Bildirmişdi ki, qeydiyyatdan keçən sərnişinlər aviaşirkət işçilərinin öz noutbuklarını aeroportda qoyub getmək kimi absurd tələbi ilə üzləşiblər. AZAL əməkdaşları bu qadağaya hər hansı məntiqi izah verə bilməyiblər. Yalnız onu deyiblər ki, bu qadağa AZAL prezidenti Cahangir Əsgərovun şəxsi əmri ilə qoyulub.

Məsələ ilə bağlı şair Rüstəm Behrudi AzNews.az-a açıqlama verib. O, AZAL-ın bu göstərişini ağılsızlıq adlandırıb: "Dünyanın harasında belə bir əmr var? İndi telefonlar var ki, noutbuk kimi istifadə etmək olur. Onda belə çıxır ki, camaatın telefonunu da əlindən alacaqlar? Bu, ağılsızlıqdan başqa bir bir şey deyil. İnanmıram ki, Cahangir Əsgərov belə qərar versin".

R.Behrudi deyir ki, onun noutbukunu C.Əsgərov da başda olmaqla heç kim əlindən ala bilməz: "Hər noutbuk götürən gedib Cahangir Əsgərovun kabinetinin qarşısında icazə almaq üçün növbə tutmayacaq ki. Bu sadəcə olaraq, aeropotda verilən tapşırıq ola bilər. Ortada nə əsas, nə də qanun yoxdur. Nazir olmur, kim olur-olsun, belə qanun varsa çox savadsızcasına verilib. Bütün aeropotlarda qadağan olunan əşyaların adları yazılıb və şəkillərlə göstərilib. Mənim noutbukumu heç kim əlimdən ala bilməz".

Xatırladaq ki, AZAL öz sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan etməsi barədə məlumatı "virtualaz.org" saytı yaymışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az