“Aksiyalara Azadlıq meydanı verilməlidir”

Sabir Rüstəmxanlı: “İqtidar xalqın nəzarətini hiss etməlidir”



Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlının AzNews.az-a müsahibəsi:

-Azərbaycanın müstəqil olmasından 21 il ötdü. Sabir bəy, bu günlərdə özünüzü necə hiss edirsiz?

-Necə ki, uzun yol keçəndən sonra insan mənzil başına çatanda həm yorğunluq, həm də məmnunluq, xoşbəxtlik hiss edirsə, mən də özümü elə hiss edirəm. Həmçinin, insanın içində birdən-birə boşluq yaranır, elə bilirsən, bundan sonra yol yoxdur, əsas hədəfə çatmısan. Belə bir duyğu var içimdə. Müharibə olmasaydı, bu duyğu daha da güclü olardı. Ölkənin öz müstəqilliyinə qovuşması və burada bizim iştirakımız insana rahatlıq verir. 18 oktyabrın tarixə çevrilməsində iştirakı olan şəxs kimi özümü son dərəcə xoşbəxt hiss edirəm. Sıradan adi günləri də belə günlərə çevirmək olar. 60-70-ci illərdə ağlımıza da gəlməzdi ki, qısa zaman ərzində SSRİ dağıla bilər, müstəqil Azərbaycanın yaranmasında biz iştirak edə bilərik. 1991-ci il 18 oktyabra qədər gələn uzun yol var. 1988-ci ilin meydan hadisələri, mitinqləri və.s. Orada 18 gün 1 milyonluq mitinqi idarə etmişəm. Çox adam istiqlal hərəkatında iştirakından danışır. İndi şəriklər çıxır. Olsun, qısqanmırıq. Amma o istiqlaliyyəti gətirən ədəbiyyat, ədəbiyyatın gətirdiyi milli şüur və bizim kitablarımız idi. İlk liderlər də Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, İsmayıl Şıxlı, Yusif Səmədoğlu və Sabir Rüstəmxanlı idi. Sonra siyasətçilər gəldilər. Bütün bu işlərdə yazıçıların payı müstəsnadır. Bizim bu gün sevinməyə haqqımız var. Şübhəsiz, Azərbaycanın problemləri çoxdur. Müharibə şəraitinə son qoyulmalıdır. Cənubi Azərbaycan bizdən ayrı düşüb. Mən inanıram ki, Azərbaycan birləşəcək.

- Amma müstəqilliyimizin bəhrəsindən deyəsən, o qədər də razı deyilsiniz. Bu barədə şeirləriniz də var. Biri yadımdadır: "Bəhrəsi buymuşsa, müstəqilliyin, yeyin bəhrəsini, özünüz yeyin"...

- Ən böyük qazancımız elə bu müstəqilliyin özüdür. Onun maddi tərəfinə çoxları sahib çıxıb. Müstəqillik uğrunda vuruşan insan təkcə özü üçün deyil, bütövlükdə xalq üçün mübarizə aparır. Millətimizin bir qismi yaxşı, bir qismi pis yaşayır. Bu çox böyük dərd deyil. Əsas odur ki, Azərbaycan bayrağı dalğalanır, Dünya Birliyində ölkəmiz müstəqil dövlət kimi tanınır, bir sıra qurumlarda ləyaqətlə təmsil olunur. Bunlar fərəh gətirən amillərdir. Bəzi problemlər var, bu da tədricən həll ediləcək.

-Sabir bəy, sizin Milli Məclisin sonuncu iclasındakı çıxışlarınız qalmaqal yaratdı...

-22 ildir ki, çıxışlarım qalmaqalsız keçmir. Amma birinə az, digərinə çox reaksiya verilib. Buna vərdiş eləmişik.

-Nədənsə sizin çıxışlarınıza həmişə demək olar ki, eyni adamlar etiraz edirlər...

-(Gülür) Onlar parlamentdə məni ən çox sevən adamlardı. Ziyafət müəllimlə dostam. Bu xırda söhbətlərdi. Millət vəkilləri hamısı basmaqəlib bir cür düşünə bilməz ki? Mən öz fikrimi deyirəm. Əsas odur ki, problemlər qabardılır. Sonra kim nə deyir, desin. Heç kimin ağzına qapaq vura bilmərik.

-Cənubi Azərbaycanla bağlı soruşmaq istəyirəm: bizim indiki halda Güney Azərbaycana dəstək verməyimiz nə dərəcədə doğru olardı? İran böyük dövlətdir...

-İran deyilən ərazi indiki sərhədlər daxilində olmayıb. Onun sərhədləri tez-tez dəyişilib. İran sərhədlərinin ən geniş olduğu dövrlərdə onun rəhbərliyində Azərbaycan türkləri təmsil olunub. İran əslində bizim dövlətimizdir. Farsların balaca Farsıstan əyaləti var, həmin əyalət türkləri, kürdləri islam birliyi adı altında əsarət altına alıb. İranın böyüklüyü aldadıcı bir şeydir. Vaxt gələcək böyük İranın hansı vəziyyətə qaldığını görəcəyik.

-Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə Elşad Abdullayev arasında olan rüşvət qalmaqalı parlamentdə niyə müzakirə olunmadı?

-Müzakirə olunmadı demək də düz deyil. O barədə danışıldı. Bu məsələ bir az dinc yolla həll edildi. Gülər Əhmədova ərizə verdi, parlamentdən çıxardılar. Bu məsələ mətbuatda kifayət qədər müzakirə olundu. O hadisə diqqətdən kənarda qala bilməz. Bildiyimə görə, həmin hadisə ölkə başçısının da diqqətindədir. Bu tipli məsələlər hüquq yolu ilə araşdırılması məqsədə uyğundur. Təəssüflər olsun ki, bizdə yıxılana balta çalan çox olur. O məsələ müzakirəyə çıxarılsaydı, ona yaxın olan adamlar ittihamlarla çıxış edəcəkdilər. O üzləri, sifətləri görməmək üçün belə daha yaxşıdır.

-VHP-nin üzvləri İctimai Palatada aktiv şəkildə təmsil olunur. Həmin qurumun fəaliyyətini necə qiymətləndirirsiz?

-İP 2010-cu ildə deputat seçilməyən şəxslərin yaratdığı bir qurumdur. Bu, bir başlanğıc idi. Daha sonra bundan istifadə edərək, siyasi partiyaları ora cəlb edib, müxalifət düşərgəsindəki susqunluğa son qoymaq istəyi var idi. Müəyyən addımlar atılır. Nəticəsi nə olacaq deyə bilmərəm. Hər halda Azərbaycan cəmiyyətində vətəndaşların təşkilatlanması istiqamətində, proseslərdəki neqativ hallara etiraz bildirmək baxımından imkanı olan bu cür qurumların yaranmasını normal qarşılayıram. Çünki iqtidar xalqın nəzarətini hiss etməlidir.

-Adı çəkilən qurumda iki nəfər istefa verdi. Bu nəyin nəticəsi idi?

-Orada olmadığıma və proseslərdə iştirak etmədiyimə görə bunun səbəbini bilmirəm.

-Ehtimal edilir ki, seçkilərə az müddət qalmış bir neçə müxalifət partiyasından istefalar olacaq?

-Ola bilər.

-Sizin partiyada da ola bilərmi?

-Yox, bizi elə hadisə gözləmir. Olsa da, təəccüblənmərəm. Məsələ burasındadır ki, partiyaların möhkəm sərhədləri olmamalıdır. Bunu bir sıra xarici ölkələrdə müşahidə etmişəm. Seçki ərəfəsində partiyalara axın olur. Seçki bitəndən sonra bunlar dağılır. Növbəti seçkidə yenə belə olur. Buna normal baxıram. Məni qane etməyən odur ki, bəzi şəxslər təmsil etdiyi partiyadan ayrılır, ayrıca özünə partiya yaradır və əvvəl təmsil olunduğu partiya ilə mübarizə aparır.
Onsuz da Azərbaycanda müxalifət düşərgəsi zəifləyib.

-Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) yarananda əvvəlcə sizin partiyanın nümayəndəsi iclaslarda iştirak etdi. Amma sonradan orda təmsilçiliyiniz nəzərə çarpmadı. Niyə?

-Bizim nümayəndəmiz orada bir dəfə olub. Belə qurumlar oyuncağa çevrilməli deyil. Belə təşkilatlar bu gün yaranıb, sabah ləğv edilməməlidir. Belə olan halda enerji itirilir. Müxalifət düşərgəsində bu cür qruplaşmalar çox olur. Biz nəticəsiz vaxt itirmək istəmirik.

-Sabahkı mitinq üçün Bakı Şəhər İcra Hakimiyyəti "20-ci sahə"ni məsləhət görüb. Amma müxalifət düşərgəsi şəhərin mərkəzini tələb edir. Sizcə, mitinqin keçirilmə yerinin fərqi var?

-Məncə, "Fəvvarələr meydanı" da problemli yerdi. Çünki ora şəhərin ən gur ərazisidir. Sərbəst toplaşmaq azadlığı bizim konstitusiya ilə təsbit olunmuş hüququmuzdur. Buna icazə verilməlidir. Şəhər rəhbərliyi şəraiti nəzərə alıb, yer ayırmalıdır.

-O zaman "20-ci sahə" yaxşıdır?

-Yox, ora da uzaqdır. Şəhərin münasib yerləri var. Şəhər mərkəzində sıxlıq yaranmasın deyə mitinqi bir qədər kənarda keçirmək lazımdır. Məsələn, Azadlıq Meydanı niyə olmasın ki?! İstəyərdim ki, nümayişlər orada keçirilsin. Ora daha təhlükəsizdir. Həm də ənənə qorunar.

-Keçiriləcək aksiyada tələb "Parlament buraxılsın olacaq". İndiki halda Milli Məclis buraxılmalıdır?

-(Gülür) Orada təmsil olunduğuma görə istəmirəm buraxılsın.

-Buna görə?

-Əlbəttə, yox. Parlament oyuncaq deyil. Bu gün bir dəstə, sabah digər dəstə gəlsin. Bir nəfərə görə bunu etmək düzgün olmaz.

İlkin Pirəli
AzNews.az