Dövlət Statistika Komitəsi Azərbaycanda onkoloji xəstələrin sayının artdığını açıqlayıb. Dövlət Statistika Komitəsi Azərbaycanda onkoloji xəstələrin sayının artdığını açıqlayıb.

Azərbaycanda xərçəng xəstələri niyə artıb? – Onkoloq şərhi

Dövlət Statistika Komitəsi Azərbaycanda onkoloji xəstələrin sayının artdığını açıqlayıb.



Rəsmi məlumata görə, ötən il onkoloji xəstəlikdən 6982 nəfər ölüb.

Statistika Komitəsindən bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 37932 nəfərdir. 2000-ci ildə isə bu rəqəm 21088 nəfər təşkil edib. Əgər 2015-ci ilin satatistikasını da nəzərə alsaq, onda Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayının 40 minədək olduğunu söyləmək olar.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya Şöbəsinin rəhbəri Samir Qurbanov Azərbaycanda onkoloji xəstələrin sayında artımın olmadığını deyib: "Son vaxtlar Azərbaycanda onkoloji xidmətin səviyyəsi yaxşılaşıb. İnsanların bu xəstəliyə olan münasibəti dəyişib. Əvvəllər insanlar bu xəstəliklə bağlı həkimə daha az müraciət edirdi. İndisə bu hal çoxalıb. Eyni zamanda əvvəllər xərçəngin diaqnostikasında müəyyən problemlər var idi. Hazırda isə bu problem yoxdur. Çünki son vaxtlar Azərbaycanda xərçənglə bağlı bir sıra işlər görülür. Məsələn, televiziyalarda bununla bağlı maarifləndirmə verilişləri verilir, bir sıra rayonlara həkimlər tərəfindən təşkil olunub göndərilmiş səyyar qruplar həmin ərazilərdəki insanları pulsuz müalicə edir, gündə şəhərin müxtəlif yerlərində xüsusi xərçəngə həsr olunmuş bukletlər paylanır. Ümumiyyətlə, mərkəz əhalinin maarifləndirilməsinə çox böyük diqqət yetirir. Həmçinin onkoloji mərkəzdə maddi texniki baza yaxşılaşıb. İnsanlar gəlib yüksək səviyyəli xidməti görüb başqa ölkələrə getmir. Çünki mərkəzdə qoyulan diaqnozlar başqa yerlərdə də təsdiqlənir. Onkoloji xidmət də keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırılıb.

Bu iki şeyin nəticəsidir ki, onlokoloji xəstəliklərin sayı statistik olaraq Azərbaycanda artıb. Amma bu o demək deyil ki, Azərbaycanda nəsə baş verib və onkoloji xəstələrin sayı artıb. Bu əsla belə deyil. Çünki əvvəllərdə bu xəstəlik var idi. Sadəcə olaraq pərakəndə şəklində idi. İndi isə bu qruplaşmış, sxematik şəklindədir. Ona görə də biz daha dəqiq rəqəmlər göstərə bilirik".

Onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara gəlincə, şöbə müdiri bu sahədə də heç bir artımın olmadığını deyib: "Azərbaycanda 2-3 il bundan əvvələ qədər uşaq onkologiyası ilə məşğul olan nə mütəxəssis, nə də bununla bağlı hər hansı xəstəxana var idi. Amma mərkəzin nəzdində uşaq onkologiyası korpusu var. Əvvəllər bu xəstəlikdən əziyyət çəkən uşaqlar çarəsiz və ümidsiz idilər. Yaxud da hər hansı xarici ölkəyə gedib orada müalicə olunurdular. İndisə həmin xəstəlikdən əziyyət çəkən uşaqların hamısı mərkəzdə müalicə olunur. Ona görə də biz xəstəliklə bağlı bu rəqəmləri indi görməyə başlamışıq. Amma heç bir artım yoxdur. Sadəcə biz onları indi görürük. Niyə? Çünki xidmət var. Əvvəl isə bu yox idi".

Sevinc Yasinqızı
AzNews.az