İbrahim MƏMMƏDOV İbrahim MƏMMƏDOV

Realist nikbinlik

İbrahim MƏMMƏDOV

Prezident İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə dörd ünvana mesajlar göndərdi: Azərbaycanın daxili işlərinə qarışmağa çalışan xarici qüvvələrə, Azərbaycan hökumətinə və dövlət qulluqçularına, sahibkarlara, sosial müdafiəyə ehtiyacı olanlara.

Bu zümrələr konkret göstərilməklə cəmiyyətə ünvanlanmış ismarıcların ümumi xarakteri realist nikbinliyi ifadə etdi. Bütövlükdə Prezidentin istər beynəlxalq vəziyyət, istərsə də iqtisadiyyatın problemləri və onlardan çıxış yolları haqda fikirlərinin fəlsəfəsi REALİZMƏ söykənir: "Problemlər mürəkkəbdir, amma onların həlli mümkündür". Realizm fəlsəfəsi Prezidentin büdcə və başqa iqtisadi proseslər haqda düşüncələrində də ana xətt kimi keçir. Məsələn, 2016-cı ilin büdcəsi haqda Prezident dedi: "Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır".

Reallıq odur ki, dünyada siyasi sabitliyin məqsədli şəkildə pozulması üzündən siyasi və hərbi böhran yaranıb. Eyni dərəcədə siyasi məqsədlər səbəbi ilə neftin qiyməti sürətlə aşağı salınıb. Bu iki məqsədyönlü qeyri-sabitlik siyasəti Azərbaycan iqtisadiyyatına da təsirsiz deyildir. Yəni, ölkədə yaranmış bəzi problemlərin kökü Azərbaycanın iradəsindən kənarda, xaricdə formalaşıb və neftin qiymətindəki enmələr və qlobal devalvasiya müharibəsi kimi iqtisadi kanallarla Azərbaycana da daxil olub.

Bəs Prezidentin iradəsindən asılı olanlar hansılardır və onlar necə yerinə yetirilib?
İlk növbədə Azərbaycana qarşı yenə də xaricdə planlaşdırılmış destabilizasiya siyasətinin qarşısı alınıb. Bu, Konstitusiyanın Prezidentə həvalə etdiyi vəzifədir və onun öhdəsindən uğurla gəlinib. Artıq 2-3 il keçdikdən sonra bu barədə açıq şəkildə demək mümkündür. Əks təqdirdə, indi Türkiyə şəhərlərinin, Avropa ölkələrinin küçələrində azərbaycanlı uşaqları da gecələməli olardılar. Doğrudur, Aralıq dənizində batanlar sırasında Azərbaycan vətəndaşları olmayacaqdı, amma mahiyyət dəyişmir. İndi Avropaya axan qaçqın ordusunun sıralarında azərbaycanlıların olmamasının səbəbi Azərbaycan Prezidentinin 2011, 2012, 2013-cü illərdə sabitliyi qorumaq istiqamətində qəbul etdiyi qərarlardır. Bu, Azərbaycanın iradəsindən asılı olan məqamdır və o yerinə yetirilərək milli təhlükəsizliyi təmin edilib. Azərbaycanın Suriya, Tunis və Liviyanın vəziyyətinə düşməməsinin özü böyük bir qələbə, siyasi uğurdur.

Azərbaycanın iradəsindən asılı olan ikinci mühüm, iqtisadi məqam isə ötən 10 ildə qeyri-neft sektorunun inkişafı üçün mühüm bazanın yaradılmasıdır və bu yaradılıb. Elə bunun nəticəsidir ki, "Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artıb". Axı bu göstəricilərin əsası 10 il əvvəl qoyulub: infrastruktur qurulub, aqrar subsidiyalar siyasəti aparılıb, güzəştli kreditlər verilib və s. Son 3-4 ildəki institusional, struktur islahatları isə investisiya və sosial-psixoloji mühiti xeyli yaxşılaşdırıb.

Deməli, Azərbaycan daxilində siyasi iradədədən asılı olan hər şey edilib.

Prezidentin çıxışında sahibkarlara ünvanlanmış mesajlar da çox pozitiv idi. İndi Azərbaycan iqtisadiyyatının lokomativi neft deyil, qeyri-neft sektoru olduğu üçün sahibkarın özünü necə hiss etməsi, sahibkarlıq mühiti təməl məsələdir. Prezidentin elan etdiyi məqamlar isə məhz bu təməlin əsas prinsiplərini formalaşdırır. Prezident bundan sonra da siyasi sabitliyin qorunacağını inamla ifadə etdi. Bu, kapital üçün ən mühüm istiqamətdir. Ona görə ki, ətrafda, hətta Avropada belə siyasi, dini atmosferin gərginlik içərisində olması fonunda Azərbaycan kapital üçün sabit siyasi məkan olaraq qalmaqdadır. Ancaq hər şey təkcə siyasi sabitliklə bitmir. Onun təməli isə öz növbəsində iqtisadi sabitlikdir.

Prezidentin sahibkarlara ikinci ismarıcı da elə bu barədə oldu: "Maliyyə sabitliyi təmin ediləcək". Maliyyə sabitliyi barədə bəyanat beynəlxalq "Fitch reytinqs" təşkilatının hesabatında Azərbaycanın kredit reytinqinin sabit saxlanması ilə bağlı rəyində də təsdiqini tapıb. Bu, Azərbaycanın maliyyə və iqtisadi imkanlarının yüksək səviyyəsini göstərir. Bu məqam da sahibkar və kapital üçün dayanıqlılığın mühüm zəmanətləri sırasına daxildir. Prezident həm də valyuta ehtiyatlarının kifayət qədər olması və indi də valyuta ehtiyatlarının artırılacağı haqda bəyanat verməklə maliyyə sabitliyinin qorunacağı fikrini daha da möhkəmləndirdi. Prezidentin sahibkara verdiyi daha bir ismarıc: sahibkarlara kreditlərlə yardım göstəriləcək. Bu bir tərəfdən kredit faizlərinin aşağı salınması, başqa tərəfdən də güzəştli kreditlər şəklində həyata keçiriləcək.

Sosial layihələrin ixtisarsız həyata keçirilməsi haqda Prezidentin bəyanatı da sahibkar üçün pozitiv ismarıc kimi dəyərləndirilə bilər və belə də olmalıdır. Ona görə ki, dövlət sosial layihələri maliyyələşdirməklə dolayısı ilə həm də tələbi stimullaşdırır. Tələb isə iqtisadiyyatın lokomatividir.

Prezident institusional, administrativ islahatların daha da dərinləşəcəyini, ASAN xidmət modelinin daha çox sahələri öz əhatəsinə cəlb edəcəyini, korrupsiya və rüşvətə qarşı mübarizənin güclənəcəyini elan etdi. Bütün bu bəyanatlar sahibkar üçün nikbinlik yaradan, ümid verən məqamlardır.

Prezidentin bütün bu ismarıcları həm də 2016-cı ilin büdcəsinin əsas konturlarını və onun fəlsəfəsini təşkil edir: gələn ilin büdcəsinin fəlsəfəsi "Realizm, qənaət, israfçılığa yol verilməməsi, zəruri sərhədlərin müəyyənləşdirilməsi" prinsiplərinə söykənir. Bu məqamlar isə artıq hökumətə ünvanlanmış tapşırıqlardır.

"Zərurət və realizm" o deməkdir ki, indiyə qədər müxtəlif dərəcələrdə zəruri olan layihələr paralel olaraq həyata keçirilirdi. Məsələn, gələn ilə saxlanması mümkün olan işlər də irəli çəkilirdi. İndi onları növbələşdirmək zərurəti yaranıb. Başqa tərəfdən, indiyə qədər dövlət gəlir gətirməyən, kommersiya xarakterli olmayan layihələrə də vəsait xərcləyirdi. Neft gəlirlərinin yüksək olduğu dövrdə dövlət belə layihələri yerinə yetirirdi. Beləliklə, sadəcə əvvəlki illərdə zərurətdən yüksək olmuş tempin aşağı salınması müzakirə mövzusudur.

İndiki mərhələdə isə büdcənin və hökumətin fəaliyyətinin konsepsiyasını liberal iqtisadiyyatın əsas prinsiplərindən olan "vəsait səmərə gətirən, rentabelli olan istiqamətə qoyulmalıdır" ideyası aparıcı yanaşmaya çevrilir. Bu yanaşmada məhz iqtisadi rentabellilik bütün xərcləmələrdə əsas prinsip kimi götürülür.

İbrahim MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

(Azərbaycan qəzeti)