70 il gizlədilmiş qəbir - GİZLİ TARİX

1918-ci ilin məlum hadisələrində Qafqaz İslam Ordusunun şəhid əsgər və zabitlərinin qəbirləri dəfn olunduqları kəndlərin sakinləri tərəfindən qorunub. O zaman Məhəmmədi və Kürdəxanı kəndlərinin sakinləri birgə vuruşub.
Kürdəxanının yaşlı sakinləri danışır ki, kəndin qadın və uşaqları dəniz sahilində hazır saxlanıb. Ermənilərin kəndə daxil olacağı təqdirdə namus ələ keçməsin deyə dənizə tökəcəklərmiş.

Kənd sakini Vaqif Pənahovun dediyinə görə, döyüşlərdə Məhəmmədi kəndindən əsasən qoçular iştirak edib; qoçu Türbət, qoçu Əbdülzağ, Kəblə Şüruyə, Paltun Abasqulu, Seyid Mir Rəhim.. Qadın və uşaqlar isə təhlükəsizlik məqsədi ilə Ləhiş bağlarına ötürülüb. Məşədi Vaqif 18-ci il hadisələri haqqında döyüşlərdə iştirak etmiş babası Əlipaşanın söylədiklərini xatırlayır: "Kənd sakinlərindən yeniyetmə Şirzad Quliyevlə babam Əlipaşa Kürdəxanı ilə Məhəmmədinin arasında körpü deyilən bir yerdə səngər qurub oturublar. Ermənilərin uzaqdan gələn zirehli maşının işığı düşəndə yeniyetmə Şirzad onu nişan alaraq vurub. Hay-küy qopub, maşın geri qayıdıb. Şirzad döyüşlərdə çox fərqlənib. Kəndin bir sakini də vardı - Əliməmməd kişi. Cüssəsiz bir adam idi. Yekəpər bir ermənini öldürüb tualetə atmışdı. Bu barədə kimə deyibsə, inanmayıblar. Sonradan tualetin anbarını qazanda meyit oradan çıxıb".

Bütün çabalara baxmayaraq, Məhəmmədi kəndinin evləri, ərzaq anbarları ermənilər tərəfindən qarət edilib. Mürsəl paşanın rəhbərliyi ilə türk qoşunları köməyə yetişəndən sonra ermənilər geri çəkiliblər. Məhəmmədidə türk qoşunlarının qərargahı qurulub. Təbii ki, bu hadisələr təfərrüatları ilə birgə gizli saxlanıb. Döyüşlərdə türk əsgərlərindən biri - İbrahim şəhid olub və Məhəmmədidə dəfn edilib. Sovet hökuməti zamanı qəbiri gizlədilib və onu qorumaq üçün bu barədə söhbət belə açılmayıb. Qəbrin nişanlarını bilən yeganə şahid Gilas Pənahova ölüm ayağında məzarı düzəltməyi vəsiyyət edir. Bibisinin vəsiyyətindən heyrətlənən qardaşoğlu Məşədi Vaqif xəstənin yanından çıxıb düz yollanır usta yanına. Sinə daşını sifariş edir: " Mən şair deyiləm, amma ürəyimdən keçənləri bu misralara köçürdüm:

"Etdin fəda qorxmadan cavan canın

Eşidib fəryadın Azərbaycanın"

Müsahibim kövrəlir: "Əslində bu qəbrin varlığı haqqında bilirdik, amma yerini və nişanı haqqında məlumatsız idik. Qəbri hər kəsdən gizlətmişdilər".

Şəhid İbrahimin məzarı tapılır, dəqiqləşdirilməsi üçün açılır: "Papaq salamat idi, güllələrin barıtı da yanar vəziyyətdə idi. Papağın içindən güllələri götürüb, yerinə qoyduq. Silaha əl vurmadıq. Götürsəydik, sklet dağılardı. Narahat etmədik onu. Babam Mürsəl paşaya söz verib ki, adınızı əbədiləşdirəcəyəm. Sonradan anadan olan körpələrə Mürsəlin də adı verilib, İbrahimin də.... ".

Gənc şəhidin papağında çıxan güllələr sinə daşına malalanır: "Bibim bu xəbərdən sonra yataqdan durdu. Mənə təşəkkür əlaməti olaraq xonça da tutdu. Bir neçə il yaşadı ondan sonra. Çox istəyirəm şəhid İbrahim kənd səviyyəsində qalmasın, soyadı müəyyənləşsin, xatirəsi əbədiləşdirilsin".

Ülviyyə Tahirqızı
AzNews.az
image description