Bir mətbuat orqanının oxucuya xəbər çatdırması heç də asan başa gəlmir. Xəbərin dəqiq olması, düzgün yazılması, tərəfsiz olması, ətraflı məlumat verməsi çox önəmlidir. Bir mətbuat orqanının oxucuya xəbər çatdırması heç də asan başa gəlmir. Xəbərin dəqiq olması, düzgün yazılması, tərəfsiz olması, ətraflı məlumat verməsi çox önəmlidir.

Xəbər oğruları - Medianın üz qarası

Bir mətbuat orqanının oxucuya xəbər çatdırması heç də asan başa gəlmir. Xəbərin dəqiq olması, düzgün yazılması, tərəfsiz olması, ətraflı məlumat verməsi çox önəmlidir.



Xəbəri hazırlayan jurnalist sadalanan şərtlərə riayət edib, ortaya xəbər çıxarır. Bunun qarşılığında işlədiyi media orqanından maaş alır. O yazı dərc edilir və oxunur. Lakin bəzi media oğruları həmin yazını öz məhsulları kimi götürüb, saytlarında istinad etmədən dərc edirlər.

Bu, intellektual oğurluq sayılır. Kiminsə intellektual əmlakını (yazısını, kitabını, elmi işini, hazırladığı xəbəri) oğurlamaq, onun avtomobilini, telefonunu, evindəki divanı oğurlamaq mahiyyət etibarı ilə eynidir.

Azərbaycan mediasının bu gün ən çox əziyyət çəkdiyi sahələrdən də biri məhz intellekt oğurluğudur.

Qəribə istinad formaları - "Filan.az saytı xəbər verir ki, bu haqda məlumatı Bəhmən.az saytı Filankəs.az saytına istinadən yazıb". Və ya xəbərin içində oxşar istinad verib, sonda isə öz saytlarının adını yazırlar. Hətta bundan betərləri də var. Yazının içindən xəbərin mənbəyi olan saytın adını çıxarıb, birbaşa öz adlarını yazanlar da var. Bunlardan bəziləri xəbərdarlıq etdikdən sonra "səhvlərini" düzəldirlər, bəziləri isə yox. Elə saytlar da var ki, "Tutar qatıq, tutmaz ayran" prinsipi ilə yanaşıb, istinad etmədən xəbəri verirlər. Gözləyirlər, əgər sayt bunu görüb, irad bildirsə, "texniki səhvdir, düzəldərik" deyib, istinad edirlər. Yox, əgər sayt irad bildirməsə, elə də qalır.

Bu tipli oğurluqları edənlər əsasən kiçik kollektiv və oxucu kütləsinə sahib olan saytlardır. Özlərini işlə, doğru, özəl xəbərlə yox, oğurluqla təsdiq etmək istəyirlər.

Gün ərzində bir neçə yazısı, xəbəri istinadsız verilən media orqanlarından biri də "Yeni Müsavat"dır.

Qəzetin baş redaktorunun 1-ci müavini Azər Ayxan deyir ki, özünə hörmət edən KİV, jurnalist və ya media rəhbəri bu hərəkəti etməməlidir: "Son illər Azərbaycan mətbuatında xoşagəlməz bir tendensiya yaşanır. Bu da ayrı-ayrı redaksiyaların və jurnalistlərin hazırladıqları yazıları başqa qəzet və saytların istinad etmədən istifadə etmələridir. Gün ərzində musavat.com saytının və "Yeni Müsavat" qəzetinin hazırladıqları materialları istinadsız dərc edən saytlar var. Bəziləri isə yazının ikinci sətrində "Filan saytın musavat.com-a istinadən verdiyi məlumata görə" cümləsini əlavə edib, yazının sonunda da öz saytlarının adını yazırlar. Bəzən televiziya kanalları da xəbərimizi oğurlayırlar. Dəfələrlə bunu edən intellektual oğrulara irad bildirmişik. Hər dəfə də müxtəlif bəhanələr uydurublar və oğurluqlarını davam etdiriblər. Bu, olduqca yaramaz işdi. Təəssüflər olsun ki, qanunda olan boşluqlar bizə haqqımızı qanuni şəkildə tələb etməyə imkan vermir. Lakin bu elə bir məsələdir ki, qanunu tətbiq etməyə ehtiyac qalmır. Özünə hörmət qəzetçi bu hərəkəti etməli deyil".

A.Ayxan dedi ki. onlar da ayrı-ayrı saytlardan xəbər götürür: "Amma istinad edirik. Çünki o yazının ərsəyə gəlməsi asan deyil. Bunun üçün əmək sərf edilir. Bu əməyi istismar etmək olmaz. Bu oxucu qarşısında da, Allah qarşısında, həmkar qarşısında da günahdır. Görünən budur ki, o insanların intellektual qabiliyyəti yazı hazırlamağa kifayət etmir. Əgər elədirsə, buyursunlar, bizim yazılardan yararlansınlar. Amma istinad etmək şərtilə. Yazıda da mütləq "musavat.com xəbər verir ki..." cümləsi olmalıdır. Daha oraya öz saytının adını yazmaq lazım deyil. Onsuz da oxucu o yazını sənin saytından oxuyur".

Virtualaz.org saytının baş redaktoru Famil Cəfərli isə belə saytları ciddiyə almadıqlarını söylədi: "Xəbər oğruları ilə mübarizə apara bilmirik açığı. Ciddi saytlar oğurlamır, qeyri-ciddiləri isə ciddiyə almırıq təbii ki... Belə götürəndə isə bunun heç monitorinqini də aparmağa həvəs və vaxt yoxdur. Ona sərf edəcəyimiz vaxtı və enerjini yeni xəbər istehsalına ayırmağa üstünlük veririk".

Qafqazinfo.az saytının redaktoru Günel Əbilovanın sözlərinə görə, bu, onun üçün qeyri-etik, eyni zamanda ayıb bir şeydir: "Bizim redaksiyaya ilk dəfə daxil olan şəxs belə bilir ki, saytın ən həssas məqamı istinaddır. Biz ölkənin ən məşhur saytlarından tutmuş, auditoriyası çox az sayda olan sayta belə istinad veririk. Başqasının xəbərinə necə həssasıqsa, öz xəbərimizə də eyni münasibəti bəsləyirik. Kimsə bizim xəbərimizi oğurlayıb istinad verməsə, bütün redaksiya olaraq hücuma keçirik. Bizdə mənim, sənin və hansı müxbirin xəbərindən asılı olmayaraq, hamımız xəbərimizə istinad verilməsi üçün mübarizə aparırıq. Adətən müxbirlər başqa saytlarda xəbərlərimizə istinad verilmədiyini görəndə linki mənə atırlar, mən də həmin saytdakı tanış həmkarlarımız vasitəsi ilə bunu həll etməyə çalışıram, alınmayanda isə rəhbərliyə deyirik, o da daha ciddi üsullarla işi həll edir.

Biz həmişə iş yoldaşlarımıza deyirik ki, kiminsə xəbərinə istinad etməmək, elə bil restorana gedib yeyib-içib, amma sonda hesabı ödəməmək kimi bir şeydir və üstəgəl kiminsə haqqında girməkdir. Özünə hörmət edən müxbir bu işi görməz. Təbii ki, bizim saytda da bəzən diqqətsizlikdən istinad doğru verilmir, həmkarlarım bu barədə mənə yazanda dəfələrlə üzr istəyirəm. Mənim üçün bu, qeyri-etik, eyni zamanda ayıb bir şeydir. Bunu nə özümə, nə də həmkarlarıma yaraşdırıram. Yaxşı ki, sosial şəbəkələr var və bu yolla xəbər oğruları tez ifşa olunur".

AzNews.az saytının redaktoru Nigar Etibarın fikrincə, bəzi şəxslərə 10 dəfə irad bildirilsə də fayda vermir: "Xəbər oğurluğu öncə Azərbaycan mətbuatında istinad mədəniyyətinin formalaşmamasından irəli gəlir. Bir də ki, düşünürəm bu, insanın xisləti ilə bağlı bir məqamdır. Oxucu üçün maraqlı deyil bu xəbəri hansı sayt, qəzet yayıb. Əgər sən bunu öz saytında tirajlamısansa, onu açıb oxuyan oxuyacaq. İçində "AzNews.az-ın verdiyi xəbərə görə" yazılsa da oxuyacaq, "Musavat.com-un məlumatına görə" olsa da...

Bu yaxınlarda bir özəl xəbər yazmışdıq. İçərisində tələsiklikdən irəli gələn bir səhv olmuşdu - "sədr müavini" sözləri yerinə, "sədr" getmişdi. Baxdıq ki, bir neçə sayt götürüb, bir nöqtə belə dəyişmədən, öz adlarından eyni səhvlə yayımlayıblar.
Sən hansısa xəbəri istinad edərək öz saytında verib, elə təqdim edə bilərsən ki, xəbəri yayımlayan mətbu orqanda belə o qədər oxucu marağı çəkməz. Buna görə, kiminsə əməyini oğurlamaq lazım deyil. Əsas oğru olan bir məşhur online mətbuat orqanı var, adını çəkmək istəmirəm, bütün media onlarla mübarizə aparır, amma bacarmır. Baş redaktorlar, redaktorlar, əməkdaşlar onlara zəng etməkdən yorulublar, amma onlar oğurlamaqdan yorulmayıblar.

"AzNews" istinad məsələsi ilə bağlı yeni stilə keçib. Biz artıq xəbərin əsas mənbəyinə keçid üçün link veririk. Təbii ki, dövlət qurumlarının saytları istisnadır. Düşünürük ki, belə olan halda xəbəri götürdüyümüz sayta qarşı daha ədalətli oluruq".

N.Etibar başqa bir məsələyə də toxunub: "Biz adətən istinad deyəndə bunu ancaq saytlara şamil edirik. Lakin radio və televiziyaları da unutmaq lazım deyil. İstinadın nə olduğunu unudan TV və radiolar bu yolda addımlar atsalar, bütün günü xəbər üçün külüng vuran digər jurnalistlərin də əməyinə hörmətlə yanaşmış olarlar. Xəbər oğruları ilə mübarizəyə gəlincə, yalnız və yalnız zəng edib, xəbərin bizə aid olduğunu, istinad etmələrini rica etməklə kifayətlənirik. Kim ki bir az vicdanlıdır, dərhal istinad edir, kim ki, bayaq dediyim kimi, xisləti ilə bacarmırsa, onlara 10 dəfə də zəng etsək, yenə də xeyri olmur".

Lent.az saytının redaktoru Səbuhi Məmmədli isə məsələyə fərqli yanaşdı: "Təbii ki, tez-tez bu hallara rast gəlirik. Nəinki xəbər, həmçinin reportaj və araşdırmaları oğurlayanlarla da rastlaşırıq. Adətən iradımızı bildiririk. Şəxsən mən oğrularla yox, oğrubaşılara - yəni redaktorlara zəng edib, iradımı bildirirəm. Təvazökarlıqdan uzaq olsa da, sözümü eşidib, səhvlərini düzəldirlər. Eşitməyənlər də olur. Onlar danalıq edirlər. Normal adam danaya baş qoşmaz. Virtual məkanda bir örüş tapıb, qoy otlasın özü üçün".

Musavat.com