Jurnalistlər Dövlət Bayrağı gününü bölgələrdə qeyd edəcək

Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Dövlət Bayrağı gününü Göygöl rayonunda qeyd edəcək.



Bu barədə AzNews.az-a qurumun rəhbəri Elşad Eyvazlı məlumat verib. O, qeyd edib ki, jurnalistlər tərəfindən belə bir təşəbbüs irəli sürülüb və təklif birmənalı olaraq dəstəklənib: "Qərara gəldik ki, bundan sonra dövlətimizin belə əlamətdar günlərində müxtəlif bölgələrdə olaq. İnsanlarla görüşək, yazılar hazırlayaq. Belə səfərlər mütəmadi olacaq. Bayrağımız dövlətimizin suverenlik rəmzidir və ona sayğı hər bir vətəndaşın borcudur".

Qeyd edək ki, Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib.

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.