Həftəsonu yağışlı keçəcək

Oktyabrın 28-si və 29-da Azərbaycan ərazisində qısamüddətli yağışlar proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Oktyabrın 29-da da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə oktyabrın 28-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 12-17, gündüz 20-25, dağlarda isə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Oktyabrın 29-da da Azərbaycanın rayonlarında eyni hava şəraiti davam edəcək.

AzNews.az