“Azərbaycanda tibbi sığorta tətbiq edilməlidir” - Baş nazirin müavini

"Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi üçün böyük işlər görülməli, qanunvericilik bazası təkmilləşdirilməlidir".

AzNews.az-ınTrend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, Nazirlər Kabineti nəzdində İcbari Tibbi Sığorta Dövlət Agentliyinə Zaur Əliyev rəhbər təyin edilib: "Bu struktur formalaşmaq üzrədir. Əlbəttə, müəyyən vaxt keçməlidir. Digər bir tərəfdən, icbari tibbi sığortanın tətbiqi üçün zəruri olan araşdırmalar aparılır ki, yaxın zamanlarda Azərbaycanda mümkün olan qədər tibbi sığorta həyata keçirilsin".

Qarşıda hələ böyük işlərin görülməli olduğunu diqqətə çatdıran Baş nazirin müavini hər şeydən öncə agentliyin formalaşdırılmasının və fəaliyyət üçün hazır vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb: "Bundan sonra isə model seçilib. Azərbaycanda tibbi sığorta tətbiq edilməlidir. Hesab edirəm ki, intensiv işlər nəticəsində bunun tətbiqini tezləşdirəcəyik. Personalın hazırlanması da zaman tələb edir. Azərbaycanda tibbi sığorta çox geniş yayılmasa da, müəyyən qədər tətbiq edilir. Biz çalışacağıq ki, 2016-cı il ərzində nəzərdə tutulan işlərin böyük əksəriyyəti görülsün".