Hasarların sökülməsi xəbəri yalan çıxdı

Qobustanda mağazaların qarşısına çəkilən hasarlarla bağlı heç bir göstəriş verilməyib



Prezident İlham Əliyev Qurban bayramı günlərində Beyləqan, Saatlı və İmişli rayonlarına səfər edib. Ölkə başçısının səfərdən qayıdarkən Qobustan qəsəbəsinin ərazisində yol kənarında tikilən hasarlarla bağlı göstəriş verdiyi deyilir.

Məlumata görə, prezident yol kənarındakı mağaza və marketlərin önünü kəsən daş hasarların sökülməsi ilə bağlı tapşırıq verib. Prezidentin göstərişinə əsasən yalnız ticarət obyektlərinin qarşısını kəsən hasarlar söküləcək. Məlumatı musavat.com saytı yayıb.

Məsələni dəqiqləşdirmək üçün Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, prezident Qobustan qəsəbəsi barədə heç bir göstəriş verməyib. Qəsəbədə yol kənarlarına çəkilən hasarlar da sökülməyəcək. Bildirilib ki, çəkilən hasarların tikintisi başa çatmaq üzrədir. Artıq, üzlənmə işləri aparılır.

Ərazidə yaşayanlar da prezidentin verdiyi tapşırıqdan xəbərsiz olduqlarını bildiriblər. Onlar deyiblər ki, ərazidə heç bir söküntü işləri aparılmır.

İlkin Pirəli
AzNews.az